Malların təhlükəsizlik tələbləri yeni qaydada müəyyənləşdiriləcək

Malların təhlükəsizlik tələbləri yeni qaydada

Milli Məclis malların təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsi qaydalarının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Dəyişikliklər “Texniki tənzimləmə haqqında” və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunlara şamil olunur.

Layihəyə əsasən, malların insan sağlamlığına, ətraf mühitə, əmlaka və dövlət maraqlarına yarada biləcəyi risklər qiymətləndirilərək onların təhlükəlilik dərəcəsi müəyyən ediləcək. Həmin göstəriciyə uyğun təhlükəsizlik tələbləri, eləcə də uyğunluq sertifikatı və ya bəyannaməsinin tələb olunması texniki reqlamentlərdə əksini tapacaq.

Bununla əlaqədar qanunvericilikdə “risk səviyyəsi” ifadəsi “təhlükəlilik dərəcəsi” ilə əvəz ediləcək, “orta riskli mallar” anlayışı isə qanundan çıxarılacaq.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.