Almaniya iqtisadiyyatını 2 çətin il gözləyir

Almaniya iqtisadiyyatını

Almaniya iqtisadiyyatının 2027-ci ildə də ciddi çətinliklərlə üzləşə biləcəyi bildirilir. ABŞ-ın yeni gömrük rüsumları, qlobal ticarət qeyri-müəyyənliyi və yüksək enerji xərcləri ölkənin iqtisadi artımına təzyiq yaradan əsas amillər sırasındadır.

Monetar.az xəbər verir ki, bu barədə Almaniyanın İqtisadi Tədqiqatlar İnstitutunun (DIW) rəhbəri Marsel Fratşer Reuters agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ-ın yeni tarifləri Almaniya şirkətləri üçün qeyri-müəyyənliyi artırır və 2027-ci ildə iqtisadi artımın gözləniləndən zəif olmasına səbəb ola bilər. Bununla belə, Fratşer gələn il Almaniya iqtisadiyyatının 1%-dən çox böyüyəcəyini proqnozlaşdırır.

İqtisadçı investisiyaların zəif qalmasını da əsas problemlərdən biri hesab edir. Vergilər, tənzimləmələr, bürokratik maneələr və ixtisaslı işçi çatışmazlığı şirkətlərin Almaniyada yeni investisiya qərarları verməsini çətinləşdirir.

Fratşerin fikrincə, qarşıdakı dövrdə iqtisadi artımda özəl istehlak və investisiyalardan daha çox dövlət xərcləri rol oynayacaq.

O, həmçinin Ukrayna və Yaxın Şərqdə müharibələrin genişlənməsi, enerji qiymətlərinin yüksəlməsi və ABŞ-Çin ticarət qarşıdurmasının Almaniya iqtisadiyyatı üçün əlavə risklər yaratdığını vurğulayıb.