"AMB dövlət borcunun idarə edilməsində hökumətləri əvəz edə bilməz"

"AMB dövlət borcunun idarə edilməsində hökumətləri

Avropa Mərkəzi Bankının (AMB) növbəti prezidenti postuna namizədlərdən biri olan Niderland Mərkəzi Bankının keçmiş rəhbəri Klaas Knot bildirib ki, tənzimləyici suveren istiqraz bazarlarına müdaxilə etməklə dövlətlərin məsuliyyətli büdcə siyasətini əvəz edə bilməz.

Knotun sözlərinə görə, AMB bazarlarda xaotik vəziyyət yarandığı zaman dövlət istiqrazlarının ticarətini sabitləşdirmək üçün müdaxilə imkanına malikdir. Bununla belə, belə addımlar hökumətlərin dövlət xərcləri və borcun idarə olunması sahəsində üzərinə düşən məsuliyyəti aradan qaldırmamalıdır.

Onun bu açıqlamaları Fransanın dövlət maliyyəsinin vəziyyəti ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir. Fransanın borc yükü və büdcə problemləri avrozonada yeni borc böhranı ehtimalı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bu fonda AMB-nin maliyyə qeyri-sabitliyinin qarşısını almaq imkanları da diqqət mərkəzinə düşüb.

Klaas Knot AMB-nin hazırkı prezidenti Kristin Laqardın mümkün varisləri arasında göstərilir. Laqard ötən ay səlahiyyət müddətinin başa çatmasına təxminən doqquz ay qalmış, fevralın 7-də vəzifəsini tərk edəcəyini açıqlayıb.

Knot bu vəzifə uğrunda İspaniya Mərkəzi Bankının keçmiş rəhbəri Pablo Ernandes de Kos ilə rəqabət aparır. Yeni prezidentin qarşısında duran əsas məsələlərdən biri avrozonanın 21 üzv ölkəsinin müstəqil şəkildə müəyyənləşdirdiyi büdcə siyasəti ilə AMB-nin vahid pul-kredit siyasəti arasında koordinasiyanın təmin edilməsidir.

Knot Avropada iqtisadi artımı dəstəkləyən əsas amillər sırasında daxili tələbatın dayanıqlığını, məşğulluğun yüksək səviyyəsini və özəl sektorun sağlam maliyyə vəziyyətini qeyd edib.

O, həmçinin müdafiə xərclərinin artırılmasının və ABŞ-da süni intellekt sahəsinə yönəldilən investisiyaların Avropa iqtisadiyyatına əlavə stimul verə biləcəyini bildirib.

İnflyasiya perspektivlərinə toxunan Knot isə ehtiyatlı mövqeyini qoruyub. O qeyd edib ki, İrandakı müharibə enerji qiymətlərinin yüksəlməsinə və qısamüddətli inflyasiya təzyiqlərinin güclənməsinə səbəb olub. Bununla belə, əsas məsələ enerji xərclərindəki artımın əməkhaqlarına və ümumi istehlak tələbinə nə dərəcədə təsir edəcəyidir.

Knotun fikrincə, inflyasiya gözləntilərinin nisbətən sabit qalması və genişmiqyaslı ikinci dərəcəli qiymət artımlarının hələ müşahidə edilməməsi AMB-yə pul-kredit siyasətində ölçülü yanaşmanı davam etdirmək imkanı verir. O, faiz dərəcələri ilə bağlı növbəti qərarların qəbulunda çevikliyin qorunmasını və yeni iqtisadi məlumatların diqqətlə qiymətləndirilməsini vacib sayır.

Keçmiş Niderland Mərkəzi Bankı rəhbəri əvvəlki avrozona borc böhranından bəri pul-kredit siyasətinə baxışlarının dəyişdiyini də etiraf edib. Həmin dövrdə inflyasiyanın uzun müddət aşağı səviyyədə qalması Şimali və Cənubi Avropa ölkələrinin tənzimləyiciləri arasında fikir ayrılıqlarını dərinləşdirmişdi.

Hazırda isə geosiyasi gərginlik, enerji qiymətləri və dövlət borclanması ilə bağlı risklər avrozonanın iqtisadi perspektivlərini mürəkkəbləşdirir. Belə şəraitdə AMB-nin yeni prezidentinin qarşısında qiymət sabitliyini qorumaqla yanaşı, maliyyə sistemində mümkün qeyri-sabitlik risklərini idarə etmək kimi mühüm vəzifələr dayanacaq.

MONETAR.AZ