"Bloomberg" yazır ki, Cənubi Koreyanın pərakəndə investorları cümə günü "Kospi" indeksində rekord həcmdə səhm satışı həyata keçiriblər. İyul ayında bazarda baş verən kəskin eniş investor inamını zəiflədib və Prezident Li Ce Myon hökumətinin iqtisadi siyasətinə yönələn tənqidləri gücləndirib.
Cümə günü "Kospi" indeksi 18% bərpa olunsa da, iyul ayını ümumilikdə 22% itki ilə başa vurub. Bu, qlobal maliyyə böhranından bəri indeks üçün ən zəif aylıq nəticə hesab olunur.
Ay ərzində indeks üzrə ticarət dörd dəfə "circuit breaker" (avtomatik ticarət dayandırılması) mexanizminin işə düşməsi ilə müvəqqəti dayandırılıb ki, bu da bazardakı yüksək volatilliyin rekord səviyyəyə çatdığını göstərir.
Hökumətin kapital bazarını canlandırmaq təşəbbüsləri və ayrı-ayrı səhmlərə bağlı rıçaqlı (leveraged) ETF-lərin istifadəyə verilməsi fonunda pərakəndə investorlar may və iyun aylarında "Kospi" səhmlərinə təxminən 78 trilyon von (54,2 milyard ABŞ dolları) həcmində vəsait yatırmışdılar.
Bu alətlər investorlara ayrı-ayrı şirkətlər üzrə yüksək rıçaqlı mövqelər formalaşdırmağa imkan versə də, analitiklər hesab edirlər ki, bazardakı kəskin dalğalanmaların güclənməsində onların da rolu olub. Marja maliyyələşdirilməsindən istifadə edən investorlar qiymətlər sürətlə gerilədikcə mövqelərini kütləvi şəkildə bağlamağa başlayıblar.
İyulun ortalarında Cənubi Koreya hakimiyyəti ayrı-ayrı səhmlərə bağlı yeni rıçaqlı ETF-lərin listinqini müvəqqəti dayandırıb. Bundan sonra rəsmilər bazarın sabitliyini artırmaq və pərakəndə investorların yüksək riskli məhsullara çıxışını məhdudlaşdırmaq üçün əlavə tədbirlər görüləcəyini açıqlayıblar.
Ən böyük satış təzyiqi süni intellekt və yarımkeçirici sektorunda fəaliyyət göstərən şirkətlərin səhmlərində müşahidə olunub. İyul ayında "Samsung Electronics" səhmləri 21%, "SK Hynix" səhmləri isə 35% ucuzlaşıb.
Hər iki şirkət birlikdə "Kospi" indeksinin bazar kapitallaşmasının yarıdan çoxunu təşkil etdiyindən, indeks süni intellekt sektoru ətrafındakı investor əhval-ruhiyyəsinə və yarımkeçirici sənayesinə yönələn investisiyalara yüksək dərəcədə həssas olaraq qalır.
Bununla belə, uzunmüddətli perspektivdə hər iki şirkətin göstəriciləri güclü olaraq qalır. "Samsung Electronics" səhmləri 2025-ci ilin əvvəlindən bəri dörd dəfədən çox, "SK Hynix" səhmləri isə təxminən on dəfə bahalaşıb. "Kospi" də 2026-cı ildə qlobal bazarlar arasında ən yüksək gəlirlilik nümayiş etdirən əsas indekslərdən biri olaraq qalır.
Analitiklərin fikrincə, iyul ayındakı eniş süni intellekt investisiya tezisinin zəifləməsindən deyil, yüksək rıçaqlı mövqelərin, marja maliyyələşdirilməsinin və leveraged ETF-lərin yaratdığı satış təzyiqindən qaynaqlanıb.
Ekspertlər hesab edirlər ki, investorlar borc hesabına açılmış mövqelərini azaltmağa davam etdikcə texnologiya və yarımkeçirici şirkətlərinin səhmlərində yüksək volatillik bir müddət də davam edə bilər. Xüsusilə bazara pik qiymətlərdən daxil olan və ya marja hesablarından istifadə edən pərakəndə investorların inamının bərpası zaman tələb edəcək.
MONETAR.AZ