Funt sterlinq Britaniya iqtisadiyyatından gələn müsbət xəbərlərlə bahalaşıb

Funt sterlinq Britaniya iqtisadiyyatından gələn

Böyük Britaniyada pərakəndə satışların gözləntiləri üstələməsi cümə günü funt sterlinqin məzənnəsinə müsbət təsir göstərib. Avro isə dollar qarşısında demək olar ki, dəyişməz qalıb. Bununla yanaşı, Federal Ehtiyat Sisteminin (FED) pul siyasətini daha sürətlə sərtləşdirə biləcəyi ilə bağlı gözləntilər və “carry-trade” əməliyyatlarının bağlanması ABŞ dollarının 52 həftəlik maksimumlara yaxın səviyyədə qalmasına şərait yaradıb.

Bakı vaxtı ilə saat 13:20-yə olan məlumata əsasən, funt sterlinq 0,05% bahalaşaraq 1,3103 dollara yüksəlib. Avronun məzənnəsi isə əhəmiyyətli dəyişiklik göstərməyərək 1,0968 dollar səviyyəsində qərarlaşıb. Bununla belə, hər iki valyuta həftəni dollar qarşısında ucuzlaşma ilə başa vurmağa doğru irəliləyib.

FED-in daha sərt pul siyasəti yürüdəcəyi ehtimalı riskli aktivlərə təzyiq göstərir və investorların dollara marağını artırır. Bu fonda S&P 500 indeksi illik maksimum göstəricisindən 8,5% aşağı səviyyədə ticarət olunur.

ING bankının bazar strategiyası şöbəsinin qlobal rəhbəri Kris Törner hesab edir ki, FES-in “şahin” mövqeyi və tənzimləyicinin yaxın vaxtlarda ritorikasını yumşaldacağına dair siqnalların olmaması dolların mövqelərini gücləndirə bilər. Onun proqnozuna görə, qısamüddətli perspektivdə dollar indeksi (DXY) 104,60 bəndə qədər yüksələ bilər.

ING analitikləri texnologiya sektorunda müşahidə olunan dəyişkənliyin investorların portfellərini yenidən formalaşdırması ilə də əlaqəli ola biləcəyini bildirirlər. Bu prosesə Anthropic şirkətinin həcminə görə rekord səviyyəli ilkin kütləvi səhm təklifinin (IPO) də təsir göstərdiyi ehtimal olunur.

Valyuta bazarının diqqət mərkəzində FED rəsmilərinin çıxışları da olacaq. Bu gün sərt pul siyasətinin tərəfdarı kimi tanınan FED-in İdarə Heyətinin üzvü Kristofer Uallerin çıxışı gözlənilir. Onun ötən həftə səsləndirdiyi fikirlər faiz dərəcələrinin daha sürətlə artırıla biləcəyi ilə bağlı gözləntiləri gücləndirmişdi.

Oktyabr iclasında gözlənilmədən faiz artımını dəstəkləyən Liza Kuk da çıxış edəcək. İnvestorlar üçün növbəti mühüm göstərici isə çərşənbə günü açıqlanacaq şəxsi istehlak xərclərinin baza qiymət indeksi (PCE) olacaq. Proqnozlara əsasən, göstəricinin illik artım tempi 3,2%-ə yüksələ bilər. ING analitikləri inflyasiya risklərinin daha çox artım istiqamətində olduğunu vurğulayırlar.

Britaniya valyutasının həftə ərzində ucuzlaşması ölkənin iqtisadi göstəricilərindən daha çox dolların möhkəmlənməsi və İngiltərə Bankının faiz dərəcəsini artıracağına dair gözləntilərin zəifləməsi ilə əlaqələndirilir.

Böyük Britaniya Milli Statistika İdarəsinin açıqladığı məlumatlara görə, oktyabrda pərakəndə satışların həcmi dəyişməz qalacağına dair proqnozlara baxmayaraq, 0,7% artıb. Digər tərəfdən, dövlət borclanmasının həcmi 17 milyard funt sterlinq təşkil edib. Bu, 18 milyard funt sterlinqlik proqnozdan aşağıdır.

Valyuta bazarına təsir edə biləcək digər hadisə isə Böyük Britaniyanın Avropa İttifaqı ilə münasibətlərində yeni razılaşmaların elan olunmasıdır. Baş nazir Endi Börnemin ərzaq və kənd təsərrüfatı məhsullarının ticarətində yoxlamalar, emissiya kvotalarının ticarəti sistemi və gənclər üçün iş vizası proqramı üzrə əldə edilmiş razılaşmaları açıqlamaq məqsədilə Brüsselə səfəri gözlənilir.

Lakin ING nümayəndəsi Kris Törner bu razılaşmaların funtun məzənməsinə ciddi müstəqil dəstək verəcəyini düşünmür. Onun sözlərinə görə, razılaşmaların məzmunu bazar iştirakçıları üçün əvvəlcədən gözlənilən olduğundan, onların elan edilməsi funtun əlavə bahalaşmasına səbəb olmaya bilər.

MONETAR.AZ