Dünyada elektrikli avtomobillərin satışı 24 faiz artıb

2025-ci ilin may ayında dünyada elektrikli avtomobillərin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 24% artaraq 1,6 milyon ədədə çatıb. Bu artımın əsas səbəbi Çin bazarında qeydə alınan rekord göstəricilər olub.
Beynəlxalq araşdırma şirkəti Rho Motion-un məlumatına görə, may ayında Çin ilk dəfə olaraq 1 milyon elektrikli avtomobil satışı ilə yeni rekorda imza atıb. Ölkədə satışlar ötən ilin may ayı ilə müqayisədə 25% artıb. Çində artımın əsas səbəbi daxili tələbin yüksəlməsi göstərilir.
2025-ci ilin yanvar-may aylarında dünyada ümumilikdə 7,2 milyon elektrikli avtomobil satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28% artım deməkdir. Satışların 61%-i yalnız Çin bazarının payına düşüb.
Həmin dövrdə Çində 4,4 milyon, Avropada 1,6 milyon, Şimali Amerikada isə 700 min elektrikli avtomobil satılıb. Digər ölkələrdə isə 600 min satış qeydə alınıb. Avropada satışlar 27%, digər ölkələrdə 36% artdığı halda, Şimali Amerikada bu göstərici cəmi 3% olub. Kanadada satışlar 20% azalıb, ABŞ-da isə yalnız 4% artım qeydə alınıb.
Rho Motion-un məlumat rəhbəri Çarlz Lester bildirib ki, qlobal satışlarda diqqətçəkən fərq Çin bazarındakı güclü artım ilə Şimali Amerikadakı zəif dinamika arasında yaranan uçurumdur. Onun sözlərinə görə satışlara ən böyük təsiri dövlətlərin tətbiq etdiyi vergi güzəştləri və dəstək proqramları göstərir.
Məsələn, Kanadada dəstək proqramlarının dayandırılması satışların azalmasına səbəb olub. Almaniyada isə yeni vergi güzəştlərinin tətbiqi səbəbindən qarşıdakı aylarda artım gözlənilir.
ABŞ-da isə xaricdə istehsal olunan avtomobillərə tətbiq edilən 25%-lik idxal vergiləri və 2026-cı ildən etibarən vergi güzəştlərinin mərhələli şəkildə ləğvi satışlara mənfi təsir göstərir.
MONETAR.AZ