Azərbaycan xidmət sahəsində niyə uduzur? – Balansda ciddi kəsir

Azərbaycan xidmət sahəsində niyə uduzur? –
19 İyun 2025 14:21

2025-ci ilin I rübündə Azərbaycanın xarici ölkələrlə iqtisadi əlaqələri çərçivəsində xidmətlər sahəsində ümumi dövriyyə 4,7 milyard ABŞ dolları təşkil edib. Bu məbləğin 2,7 milyard dolları Azərbaycana xaricdən göstərilən xidmətlərə, 2 milyard dolları isə Azərbaycanın xarici ölkələrə göstərdiyi xidmətlərə aiddir. Bu fərq nəticəsində 700 milyon dollarlıq kəsir, yəni mənfi saldo yaranıb. Bu isə əvvəlki illə müqayisədə 36,3 faizartım deməkdir.

Xidmətlər balansındakı bu mənfi saldo əsasən iki sahədən qaynaqlanır: neft-qaz sektoru və qeyri-neft-qaz sektoru. Neft-qaz sahəsində əsasən xarici tikinti və işgüzar xidmətlərə görə 375,3 milyon dollar, qeyri-neft sahəsində isə 377,5 milyon dollar kəsir qeydə alınıb. Bu, Azərbaycanın hələ də müəyyən sahələrdə xarici xidmətlərə yüksək səviyyədə bağlı olduğunu göstərir.

Bununla belə, nəqliyyat xidmətləri balansında müsbət dinamika müşahidə olunub. Ümumi dəyəri 1,2 milyard dollar olan nəqliyyat xidmətlərinin 63,1%-i xarici vətəndaş və şirkətlərin Azərbaycan nəqliyyatından istifadəsinə görə daxil olub. Nəticədə nəqliyyat xidmətləri üzrə 328.3 milyon dollarlıq profisit formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17.8% artım deməkdir.

Turizm xidmətlərində də müsbət saldo müşahidə olunub. İlin ilk üç ayında bu sahədə dövriyyə 8,8 faiz artaraq 751,9 milyon dollar təşkil edib. Turizm xidmətlərinin ixracı (Azərbaycana gələn turistlərin xərcləri) 380.5 milyon dollar, idxalı (Azərbaycan vətəndaşlarının xaricdə xərcləri) isə 371,4 milyon dollar olub. Nəticədə 9,1 milyon dollar həcmində profisit yaranıb. Bu dövrdə xaricə gedən Azərbaycan vətəndaşlarının və ölkəyə gələn xarici turistlərin sayı azalsa da, xidmət dövriyyəsinin artması daha çox xərcləmə və dəyərli səfərlərlə izah olunur.

Digər tərəfdən, qeyri-neft sektoru üzrə xarici işgüzar xidmətlərə ödənilən vəsait 61 faiz artaraq 500 milyon dollar təşkil edib. Halbuki eyni sektordan Azərbaycanın xaricə xidmət ixracı çox aşağı həcmdə – tikinti xidmətləri üzrə cəmi 0,4 milyon dollar səviyyəsində olub.

MONETAR.AZ


Oxşar xəbərlər