Vətəndaşlara torpaq islahatı çərçivəsində verilmiş, lakin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış həyətyanı sahələrin rəsmiləşdirilməsi üçün yeni hüquqi əsas yaradılır. Belə ki, müəyyən edilmiş tarixədək verilmiş plan-ölçü sənədləri torpaq üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hesab ediləcək.
Məsələ Milli Məclisin noyabrın 27-də keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.
Mövcud problem 2006-cı il iyulun 6-dan etibarən torpaq sahələrinə dair mülkiyyət şəhadətnamələrinin verilməsinin dayandırılması ilə bağlıdır. Həmin tarixdən sonra vətəndaşlara mülkiyyət hüququnu təsdiq edən sənəd əvəzinə yalnız torpaq sahəsinin planı və ölçüsü təqdim edilib. Texniki xarakter daşıyan bu sənəd isə indiyədək çıxarış almaq üçün hüquqi əsas sayılmayıb.
Nəticədə, torpaq islahatı çərçivəsində eyni qaydada torpaq əldə edən vətəndaşların bir qismi mülkiyyət şəhadətnaməsi, digərləri isə yalnız plan-ölçü sənədi ilə kifayətlənib. Oxşar vəziyyət 2006–2015-ci illərdə bələdiyyələr tərəfindən ayrılmış bəzi həyətyanı sahələrdə də yaranıb.
Təklif olunan dəyişikliyə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyi 2015-ci il fevralın 6-dək “Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaqlar üzrə tərtib edilmiş plan-ölçü sənədləri dövlət qeydiyyatı üçün əsas olacaq.
Dəyişiklik qəbul edilərsə, müvafiq sənədləri olan vətəndaşlar torpaq sahələri üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirmək və dövlət reyestrindən çıxarış almaq imkanı əldə edəcəklər.