Xarici valyuta vəsaitlərini geri qaytarmamağa görə sanksiyalar ləğv edilib

Xarici valyuta vəsaitlərini geri qaytarmamağa görə

Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna dəyişiklik edilib.

Monetar.az-ın President.az-a istinadən verdiyi məlumata görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliyə əsasən, xarici valyuta vəsaitlərini geri qaytarmamağa görə nəzərdə tutulmuş sanksiyalar ləğv edilib.

Bundan əlavə, iqtisadi fəaliyyət sahəsində törədilmiş bəzi cinayətlərə görə məsuliyyətdən azadolma mexanizmi də yumşaldılıb. Belə ki, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabətin məhdudlaşdırılması və digər bu qəbildən olan cinayətləri törətmiş şəxslər vurulmuş ziyanı tam ödədikdə və ya cinayət nəticəsində əldə edilmiş gəliri tam həcmdə dövlət büdcəsinə köçürdükdə, həmçinin əlavə olaraq həmin məbləğin artıq bir misli deyil, 50 faizi həcmində ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər.

Qanuna edilən digər dəyişikliklə, artıq qanunsuz kredit almaq, rüsumlardan azad olmaq, digər əmlak mənfəəti əldə etmək və ya qadağan olunmuş fəaliyyəti gizlətmək məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan fiziki şəxs kimi vergi uçotuna alınmaq, eləcə də bu məqsədlə hüquqi şəxsin və ya vergi uçotunda olan fiziki şəxsin fəaliyyətini faktiki idarə etmək də yalançı sahibkarlıq (Cinayət Məcəlləsinin 193-cü maddəsi) hesab ediləcək.

Prezident İlham Əliyev yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiqinin təmin olunması məqsədilə müvafiq fərman da imzalayıb.