Almaniyada sənaye məhsullarının istehsalçı qiymətləri oktyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% yüksəlib. Bu, 2023-cü ilin fevralından bəri qeydə alınan ən yüksək illik artımdır. Ay ərzində isə istehsalçı qiymətləri 1,4% bahalaşıb.
Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, hesablamalar ölkənin mədənçıxarma, emal sənayesi, energetika və su təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin daxili bazarda satdığı məhsulların qiymət dəyişikliklərini əhatə edir.
İllik bahalaşmanın əsas səbəbi enerji daşıyıcılarının qiymətlərindəki artım olub. Belə ki, enerji məhsulları 2025-ci ilin oktyabrı ilə müqayisədə 18,7% bahalaşıb. İranın iştirakı ilə davam edən hərbi əməliyyatlar və Yaxın Şərqdə gərginliyin artması fonunda neft məhsullarının qiymətləri illik ifadədə 51,9% yüksəlib.
Ayrı-ayrı məhsul qrupları üzrə yüngül soba yanacağının qiyməti 97,2%, naftanın qiyməti 76,7%, digər yanacaq məhsullarının qiyməti isə 38,4% artıb.
Təbii qazın paylanma qiyməti bütün istehlakçı qrupları üzrə ötən ilin müvafiq dövrünə nisbətən 21,9%, elektrik enerjisinin qiyməti isə 12,6% yüksəlib. Mərkəzləşdirilmiş istilik təchizatının qiymətində isə dəyişiklik qeydə alınmayıb.
Aralıq məhsulların qiymətləri də artım nümayiş etdirib. Bu kateqoriya üzrə illik bahalaşma 6,8% təşkil edib. Əsas artım mənbələrindən biri olan metalların qiyməti 12,9% yüksəlib. Mis və mis yarımfabrikatları 29,4%, çuqun, polad və ferroərintilər 9,7%, armatur poladı isə 11,9% bahalaşıb.
Kimya sənayesində də qiymət artımı qeydə alınıb. Əsas kimyəvi məhsullar 12,5%, gübrələr isə 11,3% bahalaşıb. Ağac məmulatlarının qiyməti 6,4%, pellet, briket və odunun qiyməti isə 30,6% artıb.
Kapital malları üzrə istehsalçı qiymətləri illik müqayisədə 2,4% yüksəlib. Bu qrupda avadanlıqlar 2,3%, avtomobillər və ehtiyat hissələri isə 1,9% bahalaşıb. Uzunmüddətli istifadə üçün nəzərdə tutulan istehlak mallarının qiymətində də 2,3%-lik artım qeydə alınıb.
Bununla yanaşı, istehlak mallarının ümumi qiymətləri ötən ilin oktyabr ayı ilə müqayisədə 1,3% azalıb. Ərzaq məhsulları üzrə ucuzlaşma 3,1% təşkil edib. Xüsusilə kərə yağının qiyməti 25%, donuz ətinin qiyməti 12,5%, mal ətinin qiyməti isə 9,4% aşağı düşüb.
Lakin bəzi ərzaq məhsulları üzrə əks tendensiya müşahidə olunub. Bitki yağları 14,2%, şəkər isə 3,9% bahalaşıb.
Enerji daşıyıcılarının qiymətləri hesablamadan çıxarıldıqda, Almaniyada istehsalçı qiymətləri illik müqayisədə 3,6%, sentyabr ayı ilə müqayisədə isə 0,3% artıb.
MONETAR.AZ