BVF Türkiyənin iqtisadi artım proqnozunu aşağı saldı

BVF Türkiyənin iqtisadi artım proqnozunu

Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyə iqtisadiyyatı üzrə 2026-cı il üçün artım proqnozunu 3,4 faizdən 2,9 faizə endirib.

MONETAR.AZ xəbər verir ki, BVF Dünya İqtisadi Görünüşü hesabatına dair yenilənmiş məlumatında qlobal iqtisadiyyatla yanaşı, ayrı-ayrı ölkələr üzrə artım proqnozlarına da yenidən baxıb.

Hesabata əsasən, Türkiyə iqtisadiyyatı üzrə 2026-cı il artım gözləntisi 3,4 faizdən 2,9 faizə endirilsə də, 2027-ci il üzrə proqnoz 3,5 faizdən 3,6 faizə yüksəldilib.

BVF qlobal iqtisadiyyatın müharibələrin yaratdığı sarsıntılara gözləniləndən daha davamlı reaksiya verdiyini qeyd etsə də, 2026-cı il üzrə dünya iqtisadi artım proqnozunu apreldə açıqlanan 3,1 faizdən 3 faizə endirib. Bu göstərici son iki ilin 3,5 faizlik orta artım tempindən aşağıdır.

Fondun qiymətləndirməsinə görə, qlobal iqtisadiyyat üçün risklər əvvəlki dövrlə müqayisədə daha balanslı olsa da, hələ də aşağı istiqamətdə qalır. Orta Şərqdə gərginliyin yenidən artması, qlobal ticarətdə parçalanmanın dərinləşməsi və süni intellektlə bağlı gözləntilərin özünü doğrultmaması əsas risklər sırasında göstərilir.

Hesabatda Çin iqtisadiyyatı üzrə proqnozlar isə yaxşılaşdırılıb. Belə ki, 2026-cı il üçün artım gözləntisi 4,4 faizdən 4,6 faizə, 2027-ci il üzrə isə 4 faizdən 4,1 faizə yüksəldilib. Hindistan üçün cari il üzrə artım proqnozu 6,5 faizdən 6,4 faizə endirilsə də, növbəti il üzrə proqnoz 6,7 faizə qaldırılıb. Rusiya iqtisadiyyatı üzrə artım proqnozu isə hər iki il üçün 1,1 faiz səviyyəsində saxlanılıb.

BVF həmçinin bildirib ki, süni intellekt texnologiyalarının tədarük zəncirinə inteqrasiya olunmuş bəzi Asiya ölkələri qlobal qeyri-müəyyənlik fonunda müsbət nəticələr nümayiş etdiriblər. Xüsusilə Cənubi Koreya,  Malayziya və Tailand yüksək texnologiyalı ixrac hesabına gözləntiləri üstələyən iqtisadi artıma nail olublar.