Yeni Mercedes-AMG CLA vibrasiya funksiyalı oturacaqlarla təqdim edilib

Yeni Mercedes-AMG CLA  vibrasiya funksiyalı oturacaqlarla

Almaniyanın "Mercedes-AMG" markası Qudvud Sürət Festivalı (Goodwood Festival of Speed) çərçivəsində yeni Mercedes-AMG CLA 45 modelini təqdim edib. Tarixdə ilk dəfə tam elektrikli versiyada istehsal olunan model sedan və Shooting Brake kuzov variantlarında satışa çıxarılacaq. İlk avtomobillərin müştərilərə gələn il təhvil verilməsi planlaşdırılır.

Yeni CLA 45 üç elektrik mühərrikindən ibarət güc qurğusu ilə təchiz olunub. Bunlardan ikisi arxa, biri isə ön oxda yerləşir. Sistem ümumilikdə 680 at gücü və 1 759 Nm fırlanma anı hasil edir. Sedan versiyası 0–100 km/saat sürəti 3,0 saniyəyə, Shooting Brake isə 3,2 saniyəyə yığır. Maksimal sürət 270 km/saat təşkil edir. Oxlar arasında ağıllı dartı qüvvəsi bölgüsü və arxa oxda fırlanma anının vektorlaşdırılması (torque vectoring) yüksək idarəetmə və manevr qabiliyyəti təmin edir.

Model 94 kVt/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib. WLTP standartına əsasən sedan versiyası 670 km, universal kuzov isə 640 km yürüş ehtiyatı təqdim edir. 800 voltluq elektrik arxitekturası sayəsində avtomobil 330 kVt gücündə sürətli DC şarjını dəstəkləyir və batareyanın enerji səviyyəsini 10%-dən 80%-ə təxminən 22 dəqiqəyə çatdırmaq mümkündür.

Avtomobilin diqqətçəkən yeniliklərindən biri AMGForce S+ sistemidir. Bu sistem klassik 2,0 litrlik dördsilindrli turbo mühərrikin səsini və səkkizpilləli transmissiyanın ötürmə dəyişmələrini süni şəkildə imitasiya edir. Bundan əlavə, oturacaqlara inteqrasiya edilmiş xüsusi vibrasiya modulları daxiliyanma mühərrikinin işləməsinə bənzər hisslər yaradaraq sürücüyə daha emosional idarəetmə təcrübəsi təqdim edir.

Yeni model adaptiv üçpilləli amortizasiya sisteminə malik idman asqısı, yüksək məhsuldarlıqlı əyləc sistemi, xüsusi aerodinamik kuzov paketi, aktiv hava girişləri və avtomatik açılan arxa spoylerlə təchiz olunub.

Qeyd edək ki, bundan əvvəl yalnız qadın avtomobil jurnalistlərindən ibarət Women’s Worldwide Car of the Year (WWCOTY) müsabiqəsinin münsiflər heyəti Mercedes-Benz CLA modelini 2026-cı ilin ən yaxşı avtomobillərindən biri seçmişdi.

MONETAR.AZ