Beynəlxalq Valyuta Fondu (BVF) çərşənbə günü yaydığı bəyanatda Yaxın Şərqdə davam edən müharibə riskləri, qlobal ticarətin parçalanması və süni intellekt (Sİ) sahəsində həddindən artıq yüksək gözləntilər fonunda bazarlarda mümkün korreksiyaları əsas gətirərək 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu 3,0%-ə endirib.
Fondun qiymətləndirməsinə görə, qlobal iqtisadiyyat münaqişənin yaratdığı daha dərin tənəzzüldən yayına bilib. Texnologiya sektorunda yüksək tələbin yaratdığı artım enerji daşıyıcılarının tədarükündə yaranan azalmanın təsirini qismən kompensasiya edib. BVF 2027-ci ildə qlobal iqtisadi artımın 3,4%-ə qədər bərpa olunacağını proqnozlaşdırır. Bununla belə, bu göstərici 2024 və 2025-ci illərdə qeydə alınmış 3,5%-lik orta səviyyədən aşağı qalır.
BVF 2026-cı il üzrə baza inflyasiyası proqnozunu aprel qiymətləndirməsi ilə müqayisədə 0,3 faiz bəndi artıraraq 4,7%-ə yüksəldib. 2027-ci ildə isə inflyasiyanın 3,9%-ə enəcəyi gözlənilir. Fondun məlumatına görə, enerji daşıyıcılarının qiymətləri hazırda müharibənin başladığı 28 fevral tarixindən əvvəlki dövrlə müqayisədə 25% yüksəkdir və yüksək səviyyədə qalacağı gözlənilir. Proqnoz Hörmüz boğazının iyulun ortalarından etibarən mərhələli şəkildə açılacağı və 2027-ci ilin martınadək müharibədən əvvəlki fəaliyyət rejiminə qayıdacağı fərziyyəsinə əsaslanır.
Enerji ixracatçıları və texnologiya sektoruna inteqrasiya olunmuş ölkələr üçün perspektivlər yaxşılaşsa da, süni intellektin inkişaf imkanlarından faydalana bilməyən, xammal idxalçısı olan ölkələrin iqtisadi artım proqnozları əsasən aşağı salınıb.
BVF qlobal ticarət artımının 2025-ci ildəki 5%-dən 2026-cı ildə 3,5%-ə qədər zəifləyəcəyini, 2027-ci ildə isə 4,3%-ə qədər bərpa olunacağını gözləyir. Fondun qiymətləndirməsinə görə, 2025-ci ildə qeydə alınan yüksək göstərici ABŞ-da yeni tariflər tətbiq edilməzdən əvvəl ehtiyatların sürətlə artırılması ilə bağlı olub.
BVF-nin Araşdırmalar Departamentinin Qlobal İqtisadi Araşdırmalar bölməsinin rəhbəri Deniz İqan bildirib ki, qlobal iqtisadiyyat müharibənin təsirlərinə və Hörmüz boğazının bağlanması riskinə baxmayaraq, aprel ayında gözləniləndən daha dayanıqlı olub. Onun sözlərinə görə, strateji neft ehtiyatlarının bazara buraxılması, kommersiya ehtiyatlarından istifadə və enerji səmərəliliyinin artırılması tədarük çatışmazlığını kompensasiya etməyə kömək edib.
"Hələlik vəziyyət nəzarət altındadır, lakin bu, xüsusilə müharibə ilə bağlı risklərin aradan qalxdığı anlamına gəlmir", – deyə İqan "Reuters" agentliyinə bildirib. O vurğulayıb ki, sülh razılaşmasının pozulması və hərbi əməliyyatların yenidən başlaması ciddi risklər yarada bilər, çünki ölkələrin strateji ehtiyatları əvvəlki dövrlə müqayisədə xeyli azalıb.
Çərşənbə axşamı Hörmüz boğazında üç tankerin hücuma məruz qalmasından sonra ABŞ İrana qarşı yeni hava zərbələri endirib və bu ölkəyə neft satışına imkan verən lisenziyanı ləğv edib.
"Regionda münaqişənin yenidən alovlanması qlobal iqtisadiyyatı əvvəlkindən daha zəif vəziyyətdə yaxalayacaq", – deyə Deniz İqan bildirib..
