Yüksək və aşağı gəlirli ev təsərrüfatlarının istehlak xərclərində fərqli dinamika ilə xarakterizə olunan K-vari iqtisadiyyat modeli 2024-cü ilin sonu və 2025-ci ilin əvvəlində daha qabarıq şəkildə özünü göstərib. “Bank of America”nın (BofA) məlumatına görə, bu dövrdə ən yüksək gəlirli 10 faiz ev təsərrüfatı ümumi istehlakın təxminən 23 faizini həyata keçirdiyi halda, ən aşağı gəlirli 10 faizin payına cəmi 4 faiz düşüb.
K-vari iqtisadiyyatda müxtəlif sosial qrupların iqtisadi vəziyyəti eyni vaxtda fərqli istiqamətlərdə inkişaf edir. “K” hərfinin yuxarı qolu gəlirləri və rifahı artan təbəqəni, aşağı qolu isə iqtisadi durğunluq və ya tənəzzüllə üzləşən əhali qrupunu simvolizə edir.
BofA analitiklərinin fikrincə, belə şəraitdə məcmu tələb getdikcə daha çox yüksək gəlirli ev təsərrüfatlarının maliyyə vəziyyətindən, sərvət effektindən (wealth effect) və istehlak davranışından asılı olur.
Bank qeyd edir ki, aşağı gəlirli ailələr artan kirayə haqları, yüksək borc yükü, bahalaşan enerji qiymətləri və əmək bazarındakı zəifləmə ilə üzləşsələr də, yüksək gəlirli istehlakçıların xərclərini davam etdirməsi ümumi tələbin sabit qalmasına imkan verib.
Analitiklərin fikrincə, məşğulluq və istehlakçı inamı kimi ümumi makroiqtisadi göstəricilər bütün gəlir qruplarını eyni ölçüdə əks etdirdiyindən, K-vari xərcləmə modeli davam etdiyi müddətdə iqtisadi aktivlik zahirən güclü görünə bilər.
BofA bildirir ki, immiqrasiya məhdudiyyətlərinin əmək bazarının genişlənməsini zəiflətməsinə baxmayaraq, yüksək gəlirli ev təsərrüfatlarının xüsusilə xidmət sektorunda xərclərini artırması məşğulluğa dəstək verib.
Bank pandemiyadan sonrakı dövrü də buna nümunə göstərir. Fiskal dəstək proqramları və pandemiya dövründə yığılan əlavə vəsaitlər ABŞ iqtisadiyyatının Avropa ilə müqayisədə daha sürətli bərpasına şərait yaradıb. Xarici investorların ABŞ aktivlərinə yüksək marağı, korporativ mənfəətlərin güclü qalması və investisiyaların artması da bu prosesi dəstəkləyib.
BofA xəbərdarlıq edir ki, K-vari dinamika iqtisadiyyatdakı problemləri gizlədə bilər. Vaxtı keçmiş kreditlərin artması, aşağı maaşlı işçilər arasında işə qəbulun zəifləməsi kimi mənfi siqnallar ümumi istehlakın yüksək qalması fonunda diqqətdən kənarda qala bilər.
Analitiklərin qiymətləndirməsinə görə, bu model yüksək gəlirli ev təsərrüfatlarının maliyyə buferlərinin güclü olması və aktiv qiymətlərinin artımından daha çox faydalanması ilə formalaşıb. Eyni zamanda, yüksək faiz dərəcələri və kirayə haqlarının bahalaşması, sabit ipoteka ödənişləri ilə müqayisədə aşağı gəlirli ailələrin maliyyə yükünü artıraraq K-vari strukturun daha da möhkəmlənməsinə səbəb olub.
BofA hesab edir ki, bu şəraitdə müxtəlif gəlir qrupları fərqli iqtisadi siyasət tələb edir. Yüksək gəlirli təbəqə güclü tələb fonunda iqtisadi artımdan faydalandığı halda, aşağı gəlirli ailələr yüksək inflyasiya və zəif iqtisadi artımın yaratdığı təzyiqlə üzləşirlər.
Bankın fikrincə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) hazırkı ehtiyatlı yanaşması mövcud şəraitə uyğundur. Bununla belə, pul siyasətinin gəlir bərabərsizliyini aradan qaldırmaq imkanları məhduddur. Aşağı gəlirli ailələrə ünvanlı fiskal dəstək enerji qiymətlərindəki artım kimi şokların təsirini azalda bilər. Lakin yüksək büdcə kəsiri, inflyasiya riskləri və digər fiskal prioritetlər hökumətin manevr imkanlarını məhdudlaşdırır.
MONETAR.AZ