Dünyanın ən böyük steyblkoin emitenti olan Tether 2026-cı ilin ikinci rübündə qızıl ehtiyatlarını 14 metrik ton artıraraq ümumi həcmi 146 tondan yuxarı qaldırıb. Şirkət bu barədə aprel–iyun aylarının maliyyə nəticələrinə dair hesabatında məlumat verib.
Hazırda Tether dövriyyədə 183,7 milyard dollar həcmində USDT steyblkoinini, həmçinin 2,9 milyard dollar dəyərində XAUT qızıl tokenini təmin edən ehtiyatların formalaşdırılması üçün dünyanın iri qızıl alıcılarından biri hesab olunur.
Şirkətin fəaliyyət modelinə əsasən, dövriyyəyə buraxılan hər bir USDT tokeni ehtiyatlarda saxlanılan ekvivalent dəyərdə aktivlərlə təmin edilir. İstifadəçi şirkətə 1 ABŞ dolları yatırdıqda, Tether 1 USDT emissiya edir və həmin məbləğə uyğun aktivləri — əsasən ABŞ xəzinə istiqrazlarını və digər yüksək likvid alətləri ehtiyatda saxlayır. XAUT tokeni isə tam şəkildə fiziki qızılla təmin olunur.
Hesabata əsasən, iyunun sonuna olan vəziyyətə görə USDT ehtiyatlarının tərkibindəki qızıl aktivlərinin bazar dəyəri 18,8 milyard dollar təşkil edib.
"Təminatlı kredit portfelini 2,38 milyard dollar azaltmaqla yanaşı, ehtiyatlarımıza daha 14 ton fiziki qızıl əlavə etmişik. Eyni zamanda ABŞ xəzinə istiqrazlarının ən böyük qlobal alıcılarından biri olaraq qalırıq", — deyə Tether-in baş icraçı direktoru Paolo Ardoino bildirib.
Şirkətin məlumatına görə, ikinci rübdə ABŞ xəzinə istiqrazları portfeli və repo əməliyyatlarından əldə olunan gəlirlər hesabına xalis əməliyyat mənfəəti 1,5 milyard dollara çatıb.
Diqqətçəkən məqam ondan ibarətdir ki, Tether qızıl alışlarını məhz qiymətli metalın 2013-cü ildən bəri ən zəif rüblərindən birini keçirdiyi dövrdə artırıb. İkinci rübdə qızılın qiyməti təxminən 14% geriləyib. Müqayisə üçün, şirkət birinci rübdə ehtiyatlarına 6 ton qızıl əlavə etmişdi.
MONETAR.AZ