Azərbaycanın hansı bölgəsi banklara daha çox pul yatırır?

Azərbaycanın hansı bölgəsi
12 İyun 2025 10:22

MONETAR.AZ 

Azərbaycan bank sektorunda milli valyutada yerləşdirilən əmanətlər üzrə regionlar arasında maraqlı və ziddiyyətli mənzərə mövcuddur. 2025-ci ilin may ayına olan statistik göstəricilər ölkənin müxtəlif iqtisadi rayonlarında əhalinin banklara münasibəti, yığım potensialı və bankların təklif etdiyi gəlirlilik səviyyəsi baxımından mühüm fərqliliklərin mövcud olduğunu göstərir. Bu fərqliliklər həm ümumi əmanət həcmlərində, həm də təklif edilən faiz dərəcələrində özünü aydın büruzə verir.

Paytaxt Bakıya ən yaxın iqtisadi region olan Abşeron-Xızı əmanət portfelinin mütləq lideridir. Burada cəmi 451,6 milyon manatlıq vəsait banklara yerləşdirilib ki, bu da digər regionların göstəricilərini dəfələrlə üstələyir. Həmin məbləğin təxminən 71%-i müddətli əmanətlərdir və bu məhsul üzrə 10,42% orta faiz dərəcəsi təklif olunur. Bu həm əhalinin bank sektoruna inamının, həm də likvid vəsaitlərin bolluğunun göstəricisidir.

Gəncə-Daşkəsən iqtisadi rayonu 204,4 milyon manatlıq əmanət portfeli ilə ikinci yerdədir. Bu regionda da əsas ağırlıq müddətli əmanətlərdədir – 133,8 milyon manat. Banklar bu məhsul üçün 10,44% gəlirlik təklif edir ki, bu, faktiki olaraq Abşerondakı göstəriciyə çox yaxındır. Regionda həmçinin tələb olunan əmanətlər üzrə də 0,79%-lik faiz orta göstəricidən yüksəkdir.

Ən yüksək gəlirliliyi təklif edən region isə Qazax-Tovuzdur. Burada müddətli əmanətlər üzrə orta faiz 10,58%-ə çatır. Lakin ümumi portfelin həcmi – cəmi 106,8 milyon manat – bu üstünlüyü azaldır. Regionda əhalinin banklara daha çox cəlb olunması üçün banklar yüksək faizlərlə rəqabət aparmağa məcbur olurlar.

Mərkəzi Aran regionu isə tələbolunanadək əmanətlər üzrə ən yüksək faiz dərəcəsi – 0,87% təklif edir. Bu fakt göstərir ki, əhali banklardakı qısamüddətli, az riskli məhsullara da maraq göstərir. Müddətli əmanətlərin orta faizi isə 10,37% səviyyəsindədir.

Turizm və kənd təsərrüfatı potensialı ilə seçilən Quba-Xaçmaz bölgəsində ümumi əmanət həcmi 129,8 milyon manat olsa da, tələbolunanadək əmanətlər üzrə orta faiz cəmi 0,45% təşkil edir. Bu, bütün regionlar üzrə ən aşağı göstəricidir. Müddətli əmanətlər üzrə isə gəlirlik 10,42% olmaqla ölkə üzrə orta səviyyədədir. 

Bu göstəricilər fonunda sual yaranır: niyə bəzi regionlarda əmanət faizləri yüksək olsa da, əmanət həcmi aşağıdır? Cavab birmənalıdır – regionlarda əhalinin gəlir səviyyəsi, maliyyə savadlılığı və banklara inam səviyyəsi ciddi fərqlənir. Məsələn, Qazax-Tovuz və Mərkəzi Aranda faizlərin yüksək olması, lakin portfel həcminin kiçik qalması yığım imkanlarının məhdudluğu ilə izah oluna bilər.

Digər tərəfdən, Abşeron-Xızı kimi  iqtisadi baxımdan fəal ərazilərdə insanlar bank məhsullarından daha aktiv istifadə edir və əmanətlərin həcmi də buna uyğun çoxalır.

Müddətli əmanətlər üzrə 10%-i aşan faiz dərəcələri bankların vəsait cəlb etmək uğrunda apardığı ciddi rəqabətdən xəbər verir. Bu rəqabət bir tərəfdən vətəndaş üçün sərfəli şərait yaradır, digər tərəfdən bank sektorunda riskləri də artırır – çünki yüksək faizlər, adətən kreditləşmədə də bahalaşmaya səbəb olur.


Output image
Regionlar üzrə müddətli  əmanətlərin orta faiz dərəcəsi
Output image
Regionlar üzrə tələb olunanadək əmanətlərin orta faiz dərəcəsi
Output image


Oxşar xəbərlər