Yaponiya Bankı bu gün keçirilən iclasında əsas faiz dərəcəsini dəyişməyərək 1,0% səviyyəsində saxlayıb. Tənzimləyici son faiz artımının iqtisadiyyata təsirlərini qiymətləndirmək üçün fasilə verdiyini, eyni zamanda Yaxın Şərqdəki geosiyasi gərginlik və ienanın zəifliyi ilə bağlı risklərin davam etdiyini bildirib.
Qərar Direktorlar Şurasının 8 lehinə, 1 əleyhinə səslə qəbul edilib. Yeganə fərqli mövqe nümayiş etdirən şura üzvü Hacime Takata iyun ayında həyata keçirilən 25 bazis bəndlik artımdan sonra faiz dərəcəsinin əlavə 25 bazis bəndi yüksəldilməsinin tərəfdarı olub.
Bazar iştirakçıları da iyul iclasında Yaponiya Bankının iyun ayındakı faiz artımının nəticələrini qiymətləndirmək məqsədilə pul-kredit siyasətində fasilə verəcəyini gözləyirdilər. Qərar hökumətin gecə saatlarında valyuta bazarına müdaxilə edərək ienanın son 40 ilin minimum səviyyələrindən bərpasına dəstək verməsindən sonra açıqlanıb.
Mərkəzi bank 2026-cı maliyyə ili üzrə inflyasiya proqnozlarını aşağı salıb. Təzə ərzaq məhsulları nəzərə alınmadan hesablanan baza istehlak qiymətləri indeksinin (İQİ) illik artımının əvvəlki 2,8–3,0% proqnozu ilə müqayisədə 2,4–2,7% diapazonunda olacağı gözlənilir.
Enerji və təzə ərzaq qiymətləri istisna olmaqla hesablanan əsas baza inflyasiyası üzrə proqnoz da 2,5–2,7%-dən 2,3–2,6%-ə endirilib. Bununla belə, Yaponiya Bankı yaxın aylarda baza inflyasiyasının 2%-lik hədəf səviyyəsindən yüksək qalacağını gözlədiyini bildirib.
Tənzimləyici eyni zamanda 2026-cı il üzrə iqtisadi artım proqnozunu yaxşılaşdıraraq ÜDM artımı gözləntisini əvvəlki 0,4–0,7% diapazonundan 0,6–0,7%-ə yüksəldib.
BoJ hesab edir ki, sabit daxili istehlak, dövlət subsidiyaları və süni intellekt texnologiyalarına artan tələbat iqtisadi fəallığı dəstəkləməyə davam edəcək. Bununla yanaşı, Yaxın Şərqdəki münaqişənin yaratdığı inflyasiya təzyiqlərinin iqtisadi artıma mənfi təsir göstərə biləcəyi də vurğulanıb. Mərkəzi bankın proqnozuna əsasən, iqtisadi artımın 2027-ci ildə sürətlənməsi gözlənilir.
Qərar Tokioda istehlak qiymətlərinin gözləniləndən daha sürətli artdığını göstərən yeni statistikanın açıqlanmasından bir neçə saat sonra elan olunub. Bu göstəricilər hökumətin inflyasiyanı cilovlama tədbirlərinə baxmayaraq qiymət təzyiqlərinin davam etdiyini göstərir və gələcəkdə faiz artımlarının yenidən gündəmə gələ biləcəyi ehtimalını gücləndirir.
MONETAR.AZ