ABŞ-da aviareyslərin dayandırılmasına səbəb texniki problem olub

ABŞ-da aviareyslərin dayandırılmasına səbəb

ABŞ-da ölkə üzrə aviareyslərin dayandırılmasına səbəb Federal Mülki Aviasiya Administrasiyasının (FAA) rabitə sistemində yaranan texniki problem olub. The Wall Street Journal qəzetinin şənbə günü yaydığı məlumata görə, Arkanzas ştatında yaxın vaxtlarda quraşdırılmış şəbəkə marşrutizatoru FAA-nın köhnəlmiş kommunikasiya infrastrukturunda həddindən artıq məlumat trafiki yaradaraq genişmiqyaslı rabitə pozuntusuna səbəb olub.

Nasazlıq əvvəlcə FAA-nın İndianapolisdə yerləşən hava hərəkətinin idarə edilməsi mərkəzində rabitə problemləri ilə başlayıb. Araşdırma aparan mütəxəssislər qeyri-adi intensivlikdə məlumat axınının mənbəyini Arkanzas ştatının Eldorado şəhərindəki FAA radio obyektinə və Texasın Amarillo şəhərində yerləşən radar qurğusuna qədər izləyiblər.

FAA-nın texnologiya şöbəsinin rəhbəri Rebekka Qayın sözlərinə görə, həmin obyektlər hər dörd-beş saniyədən bir təxminən 1 000 şəbəkə bağlantısı yaradırdı. Nəticədə yaranan həddindən artıq yüklənmə yüksək hündürlükdə uçuşların idarə edilməsinə cavabdeh olan 22 FAA mərkəzindən 17-də rabitənin pozulmasına gətirib çıxarıb. Bu səbəbdən aviasiya qurumları ölkə üzrə uçuşları müvəqqəti dayandırmaq məcburiyyətində qalıb.

Məlumata görə, Arkanzasdakı marşrutizator Hewlett Packard Enterprise (HPE) şirkətinin törəməsi olan Juniper Networks tərəfindən istehsal edilib və yaxın vaxtlarda müdafiə podratçısı L3Harris Technologies tərəfindən quraşdırılıb. L3Harris FAA-nın radar sistemlərini, rabitə vasitələrini və uçuş məlumatlarının ötürülməsi üçün vacib avadanlıqları birləşdirən telekommunikasiya infrastrukturunu idarə edir.

Hazırda mütəxəssislər problemin avadanlığın özündəki qüsur, düzgün aparılmayan quraşdırma və ya yanlış konfiqurasiya ilə bağlı olub-olmadığını müəyyənləşdirməyə çalışırlar. HPE isə Juniper istehsalı olan cihazların nəzərdə tutulduğu kimi işlədiyini və avadanlıqda nasazlıq olmadığını bildirib.

Araşdırma zamanı marşrutizatorun həddindən artıq şəbəkə trafiki yaratmasına səbəb ola biləcək genişyayım (broadcast) funksiyası müəyyən edilib. Rəsmi şəxslər FAA şəbəkəsində istifadə olunan təxminən 60 Juniper marşrutizatorunda bu funksiyanı deaktiv ediblər.

Arkanzas və Texasdakı qurğuların daha geniş şəbəkədən ayrılmasından sonra rabitə sistemində sabitlik bərpa olunub. ABŞ-ın nəqliyyat naziri Şon Daffi isə araşdırma çərçivəsində zərərli kiberfəaliyyətə dair hər hansı sübut aşkarlanmadığını açıqlayıb.

Baş vermiş hadisə FAA-nın uzun illərdir istifadə etdiyi, qismən mis naqillər üzərində qurulmuş telekommunikasiya sisteminin zəifliklərini bir daha üzə çıxarıb. 2023-cü ildə aparılmış müstəqil qiymətləndirmədə avadanlıqlarda nasazlıqların artdığı və modernləşdirmə işlərinin lazımi səviyyədə maliyyələşdirilmədiyi barədə xəbərdarlıq edilmişdi. Hesabatda bu vəziyyətin qəbuledilməz əməliyyat riskləri yaratdığı vurğulanırdı.

FAA administratoru Brayan Bedford köhnəlmiş infrastrukturun istismarının hər il yüz milyonlarla dollara başa gəldiyini bildirib. Nəqliyyat naziri Şon Daffi isə mis naqillərin dəyişdirilməsi üzrə planlaşdırılan işlər 2028-ci ilin sonunadək tamamlanana qədər oxşar texniki problemlərin yenidən baş verə biləcəyini istisna etməyib.

Son insident ABŞ-ın hava hərəkətinin idarə edilməsi sistemində rəqəmsal infrastrukturun yenilənməsinin və rabitə şəbəkələrinin etibarlılığının artırılmasının vacibliyini bir daha ortaya qoyub.

MONETAR.AZ