Laqard: Süni intellekt kiberhücumları maliyyə sektorunu təhdid edir

Laqard: Süni intellekt kiberhücumları maliyyə sektorunu

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard süni intellekt texnologiyalarından istifadə edilməklə həyata keçirilən kiberhücumları qlobal maliyyə sistemi üçün ən ciddi və təxirəsalınmaz təhlükələrdən biri kimi qiymətləndirib.

Frankfurtda keçirilən Avropa Bank Konqresində çıxış edən Laqard bildirib ki, kibercinayətkarların anonim fəaliyyət göstərməsi onların müəyyən edilməsini və izlənilməsini xeyli çətinləşdirir. Onun sözlərinə görə, bu qruplar qlobal sistemlərin sabitliyini pozmaqda maraqlı olan “toksik dövlətlər” tərəfindən şübhəli maliyyə mənbələri hesabına dəstəklənə bilər.

“Gecələr mənə, eləcə də bir çoxlarınıza yuxu verməyən məsələ süni intellektlə birləşən kibertəhdidlərdir”, – deyə AMB rəhbəri konqres iştirakçılarına müraciətində vurğulayıb.

Laqard əlavə edib ki, dövlət qurumları və müvafiq səlahiyyətli şəxslər hələ də bu təhlükənin miqyasına lazımi diqqət yetirmirlər. O, həmçinin bəzi kiberhücumların arxasında beynəlxalq sabitliyin pozulmasında maraqlı olan dövlətlərin dayana biləcəyini qeyd edib.

MONETAR.AZ