Avstraliyada məşğulluq göstəriciləri sentyabr ayında analitiklərin artım proqnozlarının əksinə olaraq kəskin azalıb. Bu, Avstraliya Ehtiyat Bankının (RBA) son faiz artımından sonra əmək bazarında zəifləmə əlamətlərinin gücləndiyini göstərir.
Avstraliya Statistika Bürosunun (ABS) cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, sentyabrda məşğul şəxslərin sayı 39 300 nəfər azalıb. Halbuki iqtisadçılar 19 600 nəfərlik artım gözləyirdilər. Avqustda isə məşğulluq 39 500 nəfər yüksəlmişdi.
Sentyabrda Avstraliyada işsizlik səviyyəsi avqustdakı 4,6%-dən 4,7%-ə qalxıb. Analitiklər göstəricinin dəyişməyəcəyini proqnozlaşdırırdılar. İşsizlərin ümumi sayı isə 8 900 nəfər artaraq 732 min nəfərə çatıb.
Əhalinin iqtisadi fəallıq dərəcəsi də aşağı düşüb. Belə ki, göstərici avqustdakı 67,1%-dən 66,8%-ə enib. Proqnoz isə 67,0% səviyyəsində idi.
Məşğulluqdakı azalmanın əsas səbəbi yarımştat iş yerlərinin ixtisarı olub. Bu kateqoriyada iş yerlərinin sayı 73 700 vahid azalıb. Eyni zamanda, tamştat iş yerlərinin sayı 34 400 nəfər artıb. Qeyri-tam məşğulluq səviyyəsi isə 6,2%-dən 6,3%-ə yüksəlib.
Bununla belə, aylıq göstəricilərdən fərqli olaraq, trend məlumatları sentyabrda məşğulluğun 15 700 nəfər artdığını, işsizlik səviyyəsinin isə 4,6% təşkil etdiyini göstərir.
Əmək bazarına dair zəif göstəricilər Avstraliya Ehtiyat Bankının sentyabrın sonundakı iclasında uçot dərəcəsini 25 baza bəndi artıraraq 4,60%-ə çatdırmasından sonra açıqlanıb. Bu, cari ildə dördüncü faiz artımı olub.
Əmək bazarının zəifləməsi uzunmüddətli perspektivdə əməkhaqlarının artımını və inflyasiya təzyiqlərini azalda bilər. Bununla yanaşı, inflyasiyanı hədəf diapazonuna qaytarmağa çalışan RBA üçün növbəti faiz qərarlarının verilməsini çətinləşdirir.
Mərkəzi Bankın növbəti faiz iclasının noyabrın 2–3-də keçirilməsi planlaşdırılır.
Əmək bazarı ilə bağlı hesabatın açıqlanmasından sonra maliyyə bazarlarında da reaksiya qeydə alınıb. Avstraliya dolları ABŞ dollarına qarşı 0,3% ucuzlaşıb.
Ölkənin əsas fond bazarı göstəricilərindən olan S&P/ASX 200 indeksi isə itkilərinin bir hissəsini bərpa etsə də, 0,4% aşağı səviyyədə ticarət olunub.
MONETAR.AZ