2025-ci ildə Azərbaycanda əhalinin nominal gəlirləri əvvəlki illə müqayisədə 8%, xərcləri isə 8,1% artıb. Beləliklə, xərclərin artım tempi gəlirləri cüzi üstələyib. Əhalinin yığımlarının artımı isə 2024-cü ildəki 23,6%-dən ötən il 4%-ə enib.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə əhalinin ilkin gəlirləri 7,9%, alınmış cari transfertlərdən gəlirləri isə 8,7% artıb.
İlkin gəlirlərin tərkibində işçilərə əməkhaqqı ödənişləri 9,3%, sahibkarlıq fəaliyyətindən gəlirlər 6,4%, mülkiyyətdən əldə olunan gəlirlər isə 8,8% artıb.
Əhalinin ümumi xərcləri 8,1% yüksəlib. Bunun əsas hissəsini təşkil edən son istehlak xərclərində artım 8,2% olub. Ödənilən cari transfertlər 6,4%, mülkiyyət üzrə ödənişlər isə 12% artıb.
2025-ci ildə əhalinin yığımlarının nominal artım tempi 4% təşkil edib. Bu göstərici 2024-cü ildə 23,6%, 2023-cü ildə isə 37,7% azalma olub. 2022-ci ildə yığımlar 47,6% artmışdı.
Qeyri-maliyyə aktivlərinin yığımı 2025-ci ildə 4,7%, maliyyə aktivlərinin yığımı isə 2,6% artıb. Müqayisə üçün, 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 19,3% və 31,9% təşkil edib.
Ümumilikdə, son 5 ilin göstəriciləri əhalinin gəlir və xərclərinin artım tempinin illər üzrə dəyişdiyini göstərir. 2025-ci ildə isə xərclər gəlirlərdən bir qədər sürətli artıb, yığımların artım tempi əvvəlki illə müqayisədə xeyli zəifləyib.