Təhsil keyfiyyəti yüksək, yaşayış xərcləri aşağı olan ölkələr

Təhsil keyfiyyəti yüksək, yaşayış xərcləri

 Təhsil keyfiyyəti və yaşayış xərclərinin müqayisəsində Türkiyə nisbətən əlverişli ölkələr arasında yer alıb. Ölkədə dörd nəfərlik ailənin aylıq yaşayış büdcəsi 3 163 dollar, 15 yaşlı şagirdlərin PISA üzrə orta nəticəsi isə 476 bal hesablanıb.

Monetar.az xəbər verir ki, bu göstəricilər OECD-nin PISA 2025 nəticələri və Numbeo-nun yaşayış xərcləri məlumatları əsasında hazırlanan araşdırmada 67 ölkə və iqtisadiyyat təhsil nəticələri və yaşayış xərcləri baxımından müqayisə edilib. Aylıq büdcə hesablanarkən dörd nəfərlik ailənin şəhər mərkəzindən kənarda üçotaqlı mənzil kirayələməsi nəzərə alınıb. Məktəb təhsilinin ödənişləri isə hesablamaya daxil edilməyib.

Təhsil nəticələrinə görə Sinqapur 552,55 balla ilk sırada qərarlaşıb. Lakin burada dörd nəfərlik ailənin aylıq yaşayış büdcəsi 8 162 dollar təşkil edir. Tayvan 531,23 balla ikinci, Yaponiya 521,89 balla üçüncü olub. Bu ölkələrdə aylıq yaşayış xərcləri müvafiq olaraq 3 727 və 3 866 dollar hesablanıb.

Cənubi Koreya 516,32 balla dördüncü yerdə qərarlaşıb. Ölkədə dörd nəfərlik ailənin aylıq büdcəsi 4 711 dollardır. Estoniya 511,42 balla beşinci, Böyük Britaniya 497,72 balla altıncı, Yeni Zelandiya isə 495,35 balla yeddinci olub.

Avropa ölkələri arasında Polşa və Litva daha münasib yaşayış xərcləri ilə seçilib. Polşada PISA üzrə orta nəticə 486,91 bal, aylıq ailə büdcəsi 3 671 dollar, Litvada isə bu göstəricilər müvafiq olaraq 474 bal və 3 758 dollar təşkil edib.

Türkiyədə aylıq yaşayış büdcəsinin 3 163 dollar olması onu müqayisədə ən sərfəli ölkələrdən birinə çevirib. Ölkənin PISA üzrə orta nəticəsi 476 baldır.

Şimali Amerikada isə yaşayış xərcləri daha yüksəkdir. Kanadada dörd nəfərlik ailənin aylıq büdcəsi 5 543 dollar, PISA nəticəsi 495,07 bal, ABŞ-da isə müvafiq olaraq 5 925 dollar və 484,65 bal təşkil edib.