Azərbaycan nefti orta hesabla 90 dollara satılıb – ölkələr üzrə qiymətlər

Azərbaycan nefti orta hesabla 90 dollara satılıb –
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan 18,39 milyon ton xam neft ixrac edib. İxracın ümumi statistik dəyəri 12,16 milyard ABŞ dolları təşkil edib.

Monetar.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, təqdim edilən göstəricilər əsasında aparılan hesablamaya görə, hesabat dövründə Azərbaycan xam neftinin bir barelinin orta ixrac qiyməti təxminən 90,2 dollar olub.

Hesablama zamanı bir ton xam neftin təxminən 7,33 barelə bərabər olduğu nəzərə alınıb. Bu əmsalla 18,39 milyon ton neftin həcmi təxminən 134,82 milyon barel təşkil edir.

12,16 milyard dollarlıq ixrac dəyərinin barel həcminə nisbəti orta ixrac qiymətinin 90,2 dollar olduğunu göstərir.

Xam neftin ixrac istiqamətləri arasında İtaliya böyük fərqlə ilk yerdə qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 10,53 milyon ton xam neft göndərilib. İxracın statistik dəyəri 6,81 milyard dollar olub.

Beləliklə, Azərbaycandan ixrac edilən xam neftin təxminən 57,3 faizi İtaliyanın payına düşüb.

İkinci yerdə Çexiya qərarlaşıb. Bu ölkəyə 1,41 milyon ton, 974,8 milyon dollar dəyərində xam neft ixrac edilib.

Hindistana 830 min ton və 666,5 milyon dollar, Rumıniyaya 1,03 milyon ton və 653,6 milyon dollar, Almaniyaya isə 716,8 min ton və 474,7 milyon dollar dəyərində xam neft göndərilib.

Gömrük statistikasında göstərilən ixrac dəyəri və fiziki həcm əsasında aparılan hesablamalar ölkələr üzrə orta ixrac qiymətlərinin fərqləndiyini göstərir.

  • Hindistan – 109,59 dollar;

  • Bolqarıstan – 102,32 dollar;

  • İsveçrə – 98,21 dollar;

  • Çexiya – 94,09 dollar;

  • İndoneziya – 91,66 dollar;

  • Almaniya – 90,31 dollar;

  • Digər ölkələr – 90,77 dollar;

  • İtaliya – 88,24 dollar;

  • Tunis – 87,59 dollar;

  • Rumıniya – 86,82 dollar;

  • Portuqaliya – 76,66 dollar.