Brent neftinin qiyməti 2027-ci ilin əvvəlində 100 dollara çata bilər

Brent neftinin qiyməti 2027-ci ilin əvvəlində

Brent markalı neftin bir barelinin qiyməti 2027-ci ilin əvvəlində yenidən 100 dollara yüksələ bilər. Buna səbəb Hörmüz boğazından neft tədarükündə yarana biləcək fasilələr ola bilər.

Monetar.az xəbər verir ki, bu proqnozu Freedom Finance Global şirkətinin aparıcı analitiki Natalya Milçakova səsləndirib.

Analitikin sözlərinə görə, yaxın bir həftə ərzində Brent markalı neftin qiymətinin 90-95 dollar arasında dəyişəcəyi gözlənilir. Noyabrın 26-da keçirilən hərraclarda Brent neftinin qiyməti 1% artaraq 91,51 dollara, WTI markalı neftin qiyməti isə 1,24% yüksələrək 84,72 dollara çatıb.

Milçakova bildirib ki, neft bazarının diqqətində olan əsas hadisələrdən biri noyabrın 29-da keçiriləcək OPEC+ görüşüdür. Onun fikrincə, alyansın yanvar ayı üçün hasilat kvotalarını dəyişməməsi ehtimalı yüksəkdir.

Bununla yanaşı, 2027-ci ilin ilk rübündə neft bazarında təklifin tələbi üstələyə biləcəyi gözlənilir. Qlobal investisiya bankları bu ehtimalı, o cümlədən ABŞ-ın sanksiyaları yumşaltması fonunda Rusiyadan neft tədarükünün arta bilməsi ilə əlaqələndirirlər. Bu amil qiymətlərin yüksəlməsini məhdudlaşdıra bilər.

Digər tərəfdən, Hörmüz boğazında mümkün tədarük fasilələri neftin bahalaşmasına səbəb ola biləcək əsas risklərdən biri olaraq qalır. Analitik Rusiyada benzin və aviasiya yanacağı da daxil olmaqla bəzi neft məhsullarının ixracına qoyulan qadağanın uzadılmasını da qiymətlərə təsir edə biləcək amillər sırasında göstərib.

Milçakovanın qənaətinə görə, Hörmüz boğazında tədarük problemləri yaranarsa, Brent neftinin bir barelinin qiymətinin 2027-ci ilin əvvəlində 100 dollara yüksəlməsi yenidən real ssenariyə çevrilə bilər.