Avropa Mərkəzi Bankının rəsmiləri faizlərin yenidən artırılmasını mümkün sayır

Avropa Mərkəzi Bankının rəsmiləri faizlərin yenidən artırılmasını

Avropa Mərkəzi Bankının (AMB) vitse-prezidenti Boris Vuyçiç və İdarəetmə Şurasının üzvü Martin Koxer inflyasiyanın 2%-lik hədəfi iki dəfə üstələməsi səbəbindən pul-kredit siyasətinin daha da sərtləşdirilməsinin mümkün olduğunu bildiriblər.

Avstriyanın Kurier qəzetinə müsahibə verən Vuyçiç dekabrda faizlərin 25 baza bəndi artırılması ilə bağlı bazar gözləntilərini əsaslı hesab edib. İnvestorlar 2027-ci ilin sonunadək daha iki və ya üç faiz artımını da proqnozlaşdırırlar.

Avrozonada inflyasiya 4%-ə çatıb. Enerji qiymətlərinin yüksəlməsi və iqtisadiyyatın gözləniləndən daha dayanıqlı olması AMB-nin qiymət sabitliyi hədəfinə təzyiq göstərir.

Avstriya Mərkəzi Bankının rəhbəri Koxer bildirib ki, enerji qiymətlərinin uzun müddət yüksək qalması inflyasiyanın ikinci dərəcəli təsirlərini gücləndirə bilər. O, tənzimləyicilərin iqtisadi proseslərə vaxtında reaksiya verməli olduğunu vurğulayıb.

Bundesbankın prezidenti Yoaxim Nagel də əlavə tədbirlərin lazım ola biləcəyini istisna etməyib. Sloveniya Mərkəzi Bankının rəhbəri Primoj Dolents isə müharibə başlayandan sonra həyata keçirilən iki faiz artımının kifayət etmədiyini bildirib.

Vuyçiç avrozona iqtisadiyyatının gözləniləndən daha dayanıqlı olduğunu, lakin Avropanın potensial artım tempinin struktur problemlərlə məhdudlaşdığını qeyd edib.

AMB-nin inflyasiyanı 2%-lik hədəfə qaytarmaq siyasətinin gələn il də davam edəcəyi gözlənilir. Avropa liderləri Kristin Laqardın mümkün varisi kimi Pablo Ernandes de Kosu dəstəkləyirlər. Vuyçiç və Koxer onun təcrübəsinə və peşəkarlığına etimad göstərdiklərini bildiriblər.

MONETAR.AZ