Turizm gəlirləri 7,4 milyarda çatacaq

2030-cu ilə qədər Azərbaycanda turizm sektorunun ümumi daxili məhsulda (ÜDM) payının 11,5 milyard manata, turizm gəlirlərinin isə 7,4 milyard manata çatacağı proqnozlaşdırılır. Bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Şahdağ Turizm Mərkəzində yay mövsümünün açılışı ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib.
Kənan Quluzadənin sözlərinə görə yaxın 5 il ərzində turizmin qeyri-neft və qaz iqtisadiyyatındakı payı 8,2 faiz səviyyəsinə yüksələcək. Bu isə sektorun ölkənin şaxələndirilmiş iqtisadi inkişafında daha mühüm rol oynayacağı anlamına gəlir.
Eyni zamanda, bölgələrin xarici turist gecələmələrindəki payının 46 faizə, turizm sənayesində muzdla işləyən işçilərin ümumi əmək bazarındakı payının isə 5,8 faizə çatacağı gözlənilir.
MONETAR.AZ