Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin 2027-ci ildə Azərbaycanda inflyasiyaya 2,44 faiz bəndi artırıcı təsir göstərəcəyi proqnozlaşdırılır.
Monetar.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Pul siyasəti icmalı”nda bildirilib.
Hesabata əsasən, 2027-ci ilin sonunda illik inflyasiyanın 5,9% olacağı gözlənilir. Bu göstəricinin formalaşmasında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ən böyük artırıcı amil kimi qiymətləndirilir.
Mərkəzi Bankın hesablamalarına görə, ticarət tərəfdaşlarında inflyasiya 2,07 faiz bəndi, ev təsərrüfatlarının istehlakı isə 1,52 faiz bəndi artırıcı təsir göstərəcək.
Qurum iqlim dəyişikliklərinin də qiymətlər üçün risk yaratdığını vurğulayır. Əlverişsiz hava şəraitinin kənd təsərrüfatında məhsuldarlığı azaltması qlobal ərzaq qiymətlərinin yüksəlməsinə səbəb ola bilər.
Bununla yanaşı, proqnozların reallaşması xarici və daxili inflyasiya amillərinin dinamikasından asılı olacaq.