Bu il oktyabrın 1-nə Azərbaycanda 1 milyon 94,2 min pensiyaçı qeydiyyatda olub.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə pensiyaçıların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 min nəfər azalıb. Hazırda pensiyaçılar ölkə əhalisinin 10,6 %-ni təşkil edir.
Məlumata görə, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 % artaraq 595,8 manata çatıb. Bu göstərici orta aylıq əməkhaqqının 50,8 %-nə bərabər olub.
Bildirilib ki, cari ilin 9 ayı ərzində 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə birdəfəlik müavinət verilib. Həmçinin radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,2 min nəfərə isə birdəfəlik müavinət ödənilib.
Oktyabrın 1-nə olan məlumata əsasən, 78,9 min aztəminatlı ailənin 349,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb. Yardımın bir nəfərə düşən orta aylıq məbləği 99 manat təşkil edib.
Bundan başqa, müxtəlif kateqoriyalardan olan 407,6 min şəxsə Azərbaycan Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.