Qiymətləndirici olmaq istəyənlər üçün imtahan keçiriləcək

Qiymətləndirici olmaq istəyənlər üçün

Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 22-də qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı təşkil edəcək. İmtahanda iştirak etmək üçün ümumilikdə 248 namizəd müraciət edib.

İmtahan Bakı şəhərində, DİM-in elektron imtahanlar korpusunda – Binəqədi rayonu, S.S. Axundov küçəsi 50 ünvanında, TÜRKPA-nın yaxınlığında kompüterlər vasitəsilə keçiriləcək.

Namizədlərin qeydiyyatı oktyabrın 6-dan noyabrın 8-dək aparılıb. İmtahanın təşkili və keçirilməsi üçün 1 ümumi imtahan rəhbəri, 3 imtahan rəhbəri, 17 nəzarətçi və 4 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.

Test imtahanı saat 11:00-da başlayacaq. Saat 10:45-dən sonra gələn namizədlərin imtahana buraxılmasına icazə verilməyəcək. İmtahanın müddəti 1 saat müəyyən edilib.

İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı"  xidməti vasitəsi ilə əldə edə bilərlər. Buraxılış vərəqəsində imtahan yeri, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

Namizədlər imtahana gələrkən kalkulyator, şəxsiyyət vəsiqəsinin əsli və imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.

İmtahan 9 istiqamət üzrə təşkil olunacaq. Hər bir namizədə seçdiyi müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim ediləcək. Düzgün cavablar tapşırığın qiymətləndirilməsindən asılı olaraq 1, 2 və ya 3 balla hesablanacaq. Maksimum nəticə 60 baldır. İmtahandan uğurla keçmək üçün ən azı 30 bal toplamaq tələb olunur.

İmtahan qaydaları ilə bağlı “Yaddaş kitabçası” ilə iştirakçılar buradan  tanış ola bilərlər.