Bakı şəhəri və Abşeron yarımadasında içməli suya olan tələbatın artması, eləcə də mövcud mənbələrin gələcək inkişafı nəzərə alınmaqla uzunmüddətli planlaşdırma aparılır.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üzrə Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bildirib.
ADSEA sədri qeyd edib ki, hazırda Abşeron yarımadasında gündəlik orta su istifadəsi təxminən 16 kubmetr/saniyə təşkil edir, mövcud layihə gücü isə 19,1 kubmetr/saniyədir. Yay aylarında suya tələbatın daha da artdığını bildirən Z.Mikayılov vurğulayıb ki, Bakı şəhəri və Abşeron yarımadası üzrə pik tələbat 20,8 kubmetr/saniyəyə çatır.
Onun sözlərinə görə, inkişaf proqnozlarına əsasən, 2040-cı ildə orta su tələbatının 20,7 kubmetr/saniyə, pik dövrlərdə isə – xüsusilə yayın ən isti günlərində və bəzi istiqamətlər üzrə suyun gətirilməsində çətinliklər yarandığı hallarda – 26,9 kubmetr/saniyə səviyyəsində olacağı gözlənilir. Bildirilib ki, icrası nəzərdə tutulan Dövlət Proqramı məhz 2040-cı ilə qədər olan dövrü əhatə edir.
Z.Mikayılov qeyd edib ki, proqram çərçivəsində yalnız su şəbəkələrinin və magistral xətlərin genişləndirilməsi deyil, eyni zamanda su mənbələrinin artırılması da nəzərdə tutulur. Bu layihələrdən biri dəniz suyunun duzsuzlaşdırılmasıdır. Sözügedən layihə illik 100 milyon kubmetrdən çox içməli su istehsal etməklə gündəlik 3,2 kubmetr/saniyə əlavə su həcmi yaradacaq.
ADSEA sədri bildirib ki, paralel olaraq “Bakı–Şollar” xətti üzrə iki istiqamət, Kür çayı üzərində yerləşən sutəmizləyici qurğular, eləcə də Oğuz–Qəbələ su mənbəyi təkmilləşdirilərək əlavə suyun Bakıya gətirilməsi planlaşdırılır. Görüləcək tədbirlər nəticəsində pik tələbatın artıq 2030-cu ildə təmin ediləcəyi, 2040-cı ilə qədər isə şəbəkənin genişləndirilməsi hesabına bütün tələbatın tam qarşılanacağı gözlənilir.
Onun sözlərinə görə, planlaşdırılan tədbirlər çərçivəsində dəniz suyundan gündəlik 3,2 kubmetr/saniyə, Ceyranbatan sutəmizləyici qurğular kompleksinin yenidən qurulması və klassik qurğunun tamamlanması hesabına əlavə 3 kubmetr/saniyə, mövcud su xətlərində daşıyıcı kəmərlərin və qurğuların istismarı nəticəsində isə daha 2 kubmetr/saniyə əlavə su əldə olunacaq.
Z.Mikayılov vurğulayıb ki, hazırda su itkilərinin yüksək olması mövcud ehtiyatlardan səmərəli istifadəyə mane olur. İtkilərin 20 faizə endirilməsi əlavə suya olan tələbatın mühüm hissəsinin qarşılanmasına imkan verəcək. Proqram çərçivəsində mövcud xətlər üzrə qurğuların həcminin artırılması və aparılacaq işlər hazırda verilən suyun da dayanıqlı şəkildə təmin olunmasına xidmət edəcək.
ADSEA sədri həmçinin Şollar və Oğuz–Qəbələ artezian sularının təmirinin yeraltı su ehtiyatlarına müsbət təsir göstərdiyini bildirib. Qeyd olunub ki, Kür çayının səviyyəsinin tənzimlənməsi istiqamətində də tədbirlər görülür. Belə ki, Mingəçevir Su Anbarı artıq çoxillik tənzimləmə rejiminə keçirilib və Kür çayının səviyyəsinin sabit saxlanılması hesabına həmin mənbələrdən Bakıya suyun dayanıqlı şəkildə çatdırılması təmin ediləcək.
MONETAR.AZ