1,3 milyon manatlıq "təkrar sığorta" nöqsanı

1,3 milyon manatlıq

Hesablama Palatası tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində (ƏMDX) aparılmış audit yoxlamaları zamanı dövlət vəsaitlərinin istifadəsində ciddi uyğunsuzluqlar müəyyən edilib.

Palatanın hesabatına əsasən, xaricdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinə məxsus əmlakın sığortalanması zamanı dövlət büdcəsindən eyni xidmət üzrə ikiqat ödəniş həyata keçirilib.

Audit nəticələrinə görə, 2015–2024-cü illəri əhatə edən dövrdə həmin əmlakın yanğından və digər risklərdən sığortalanması məqsədilə paralel şəkildə həm ölkə daxilində, həm də xaricdə sığorta müqavilələri bağlanıb. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu məqsədlə 1 milyon 316 min 462,08 manat məbləğində vəsait ödənilib. Eyni zamanda, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həmin əmlak üzrə qeyri-rezident sığortaçıya 274 min 779,27 avro məbləğində ödəniş edildiyi müəyyən olunub.

Hesabatda qeyd olunur ki, bu hal dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olub. Aşkarlanmış nöqsanla bağlı Hesablama Palatası 19 noyabr 2024-cü il tarixində Maliyyə Nazirliyinə rəsmi məktub ünvanlayıb. Lakin audit materiallarına əsasən, məsələnin icrası və vəsaitlərin bərpası istiqamətində tədbirlər bu günədək təmin edilməyib.

Palata bildirir ki, vəziyyətin yaranmasında qurumlararası koordinasiyanın yetərli səviyyədə olmaması eyni əmlakın iki fərqli mənbə hesabına sığortalanmasına şərait yaradıb. Hazırda audit qərarlarının icrası və büdcə vəsaitlərinin bərpası məsələsi izlənilmə mərhələsindədir.

Qeyd olunur ki, Hesablama Palatası dövlət vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsinə nəzarət edən ali kənar dövlət maliyyə nəzarəti orqanı kimi bu istiqamətdə monitorinqi davam etdirir.

MONETAR.AZ