Çinin iki iri dövlət şirkətinin Rusiya neftinin alınması ilə bağlı danışıqlar apardığı bildirilir. Məlumata görə Çin tərəfi ABŞ-ın tətbiq etdiyi bəzi məhdudiyyətlərin yumşaldılması fonunda Rusiya neftinə marağı yenidən artırıb. Xatırladaq ki, Çin şirkətləri ötən ilin oktyabr ayında ABŞ sanksiyaları səbəbindən Rusiyadan neft idxalını dayandırmışdı.
Hazırda Sinopec və PetroChina şirkətlərinin ticarət bölmələri mümkün alışlarla bağlı danışıqlar aparır. Mənbələrin sözlərinə görə, yaxın vaxtlarda razılaşmaların əldə olunması ehtimalı yüksəkdir. Buna əsas səbəb kimi Rusiya neftinin Braziliya və Qərbi Afrika nefti ilə müqayisədə daha ucuz olması göstərilir.
Bununla yanaşı, Çin şirkətləri ödəniş mexanizmləri və logistika imkanlarını da qiymətləndirir. Məqsəd ABŞ sanksiyalarının tətbiqində nəzərdə tutulan möhlət müddətindən yararlanaraq tədarükü həyata keçirməkdir.
Mənbələr həmçinin qeyd edir ki, bəzi Çin müstəqil neft emalı zavodları və treyderlər artıq ehtiyatlarında olan Rusiya neftini yenidən satışa çıxarmağa hazırdır. Bu isə bazarda əlavə təklif yarada bilər.
MONETAR.AZ