18 mart Qlobal Təkrar Emal Günüdür

18 mart Qlobal Təkrar

Hər il martın 18-də dünyada Qlobal Təkrar Emal Günü qeyd edilir. Bu əlamətdar günün əsas məqsədi tullantıların azaldılması, təbii resurslara qənaət olunması və təkrar emalın həm ətraf mühit, həm də iqtisadiyyat üçün faydalarının geniş şəkildə təbliğ edilməsidir.

Mütəxəssislər bildirirlər ki, artan istehlak və sənayeləşmə nəticəsində yaranan tullantılar planet üçün ciddi təhlükə yaradır. Təkrar emal isə bu problemin həllində ən effektiv vasitələrdən biri hesab olunur. Bu proses sayəsində istifadə olunmuş materiallar yenidən dövriyyəyə qaytarılır, təbii ehtiyatların tükənməsi ləngidilir və enerji sərfiyyatı azalır.

Qlobal Təkrar Emal Günü eyni zamanda insanları tullantılara fərqli yanaşmağa çağırır. Kampaniyalar çərçivəsində vətəndaşlara gündəlik həyatlarında daha məsuliyyətli davranmaq, tullantıları çeşidləmək tövsiyə edilir.

Ekoloqların fikrincə, tullantıların düzgün idarə olunması və təkrar emal vərdişlərinin formalaşdırılması gələcək nəsillər üçün daha sağlam və yaşanılabilir mühitin qorunmasına mühüm töhfə verir. Bu baxımdan Qlobal Təkrar Emal Günü cəmiyyətin maarifləndirilməsi və dairəvi iqtisadiyyata keçidin sürətləndirilməsi üçün xüsusi əhəmiyyət daşıyır.

MONETAR.AZ