Emal edilməmiş almazların dövriyyəsinə nəzarət gücləndirildi

Emal edilməmiş almazların

Prezident İlham Əliyev fevralın 20-də Milli Məclisin qəbul etdiyi dəyişiklikləri təsdiqləyərək Gömrük Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda yenilikləri qüvvəyə mindirib.

FED.az portalının məlumatına görə, dəyişikliklərə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550–750 manat, vəzifəli şəxslər eyni inzibati xəta üzrə 1 000–2 000 manat, hüquqi şəxslər isə 1 500–2 500 manat cərimə olunacaqlar.

Qanuna edilmiş yeniliklər çərçivəsində ölkədə emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi üzrə dövlət nəzarəti mexanizmi yaradılır.

Yeni qanunda “emal edilməmiş almazlar” anlayışı da təsbit olunub. Bu, işlənməmiş, sadəcə yonulmuş, parçalanmış və ya qırılmış qiymətli daşlar olaraq təsnif edilir və xarici iqtisadi fəaliyyətin nomenklaturasının kodları ilə müəyyən olunur. Dövlət nəzarəti bu sahədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.

Həmçinin, Nazirlər Kabinetinə iki ay müddətində emal edilməmiş almazların ixracı ilə bağlı “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi” üzrə sertifikatların forması və verilməsi qaydalarını təsdiq edib, nəticələri dövlət başçısına təqdim etmək tapşırılıb.

MONETAR.AZ