18 mart 2026-cı il tarixində keçiriləcək hərraclarda ümumilikdə 18 torpaq sahəsi təqdim olunur. Bu sahələr ölkənin müxtəlif rayonlarını əhatə edir və əsasən kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulub.
Siyəzən rayonunda 1,46 ha və 8,54 ha olmaqla iki əkin sahəsi 15 il müddətinə icarəyə verilir. Sabirabad rayonunda yerləşən torpaqların sahəsi 1,6 ha-dan 8,51 ha-dək dəyişir və həm əkinçilik, həm də heyvandarlıq üçün istifadə oluna bilər.
Neftçala rayonunda 2,49 ha, Yevlax rayonunda 3 ha, Lənkəran rayonunda isə 1,6 ha torpaq sahələri kənd təsərrüfatı fəaliyyəti üçün icarəyə çıxarılıb. Ucar və Kürdəmir rayonlarında müvafiq olaraq 5,09 ha və 13,10 ha sahələr əkin üçün nəzərdə tutulur.
Ağstafa rayonunda 1 ha, Gədəbəy rayonunda isə hər biri 1700 kvadratmetr olan iki torpaq sahəsi kənd təsərrüfatı məqsədilə təqdim olunur. Qax rayonunda 9,95 ha əkin sahəsi ilə yanaşı, 40 kvadratmetr torpaq sahəsi sahibkarlıq məqsədilə satışa çıxarılıb.
Zaqatala rayonunda isə 2632 kvadratmetr torpaq sahəsi icarəyə verilir və burada futbol meydançasının tikintisi planlaşdırılır.
Ümumilikdə torpaq sahələrinin böyük hissəsi 15 il müddətinə icarəyə təqdim olunur və kənd təsərrüfatı istehsalı, heyvandarlıq və sahibkarlıq fəaliyyətlərinin inkişafına xidmət edir.
MONETAR.AZ