Birləşmiş Ərəb Əmirliklərində strateji əhəmiyyətli Fuceyra limanı neft yükləmələrini tamamilə dayandırıb. Bu barədə Bloomberg məlumat yayıb. Hadisə, müharibə ilə bağlı zərbələrin BƏƏ-nin Hörmüz boğazını yan keçən yeganə ixrac marşrutuna təsir göstərməsindən sonra növbəti eskalasiya kimi qiymətləndirilir.
Inchcape Shipping Services və məlumatlı mənbələrin bildirdiyinə görə, martın 17-si səhər saatlarına olan vəziyyətə əsasən, Fuceyra neft terminallarında yükləmə körpülərinin fəaliyyəti tam dayandırılıb.
Niderlandın Koninklijke Vopak NV şirkəti ilə birgə idarə olunan terminal da dəniz körpüsündə əməliyyatları dayandırıb.
Vəziyyət qısa müddətdə kəskin şəkildə pisləşib: hələ bir gün əvvəl terminalların qismən fəaliyyət göstərdiyi bildirilirdi.
Fuceyra həm xam neftin, həm də hazır yanacağın daşınması üçün regionun ən böyük hablarından biridir. Xüsusilə hazırkı şəraitdə onun əhəmiyyəti daha da artıb, çünki liman Hörmüz boğazından kənarda yerləşir və müharibə səbəbindən bu marşrut üzrə gəmiçilik faktiki olaraq iflic vəziyyətinə düşüb.
MONETAR.AZ