Vətəndaşların bank kartlarından istifadə vərdişləri dəyişib

Vətəndaşların bank kartlarından

Son illərdə nağdsız ödənişlərin genişlənməsi istehlakçı davranışlarına birbaşa təsir edib və istifadəçilər getdikcə daha çox rəqəmsal kanallara üstünlük verməyə başlayıblar.

Mərkəzi Bankın "Rəqəmsal ödənişlər icmalı - 2025" buraxılışında deyilir ki, 2020-ci ildə kart əməliyyatlarının say üzrə 41.7%-i bankomatlar vasitəsilə həyata keçirildiyi halda, 2025-ci ildə bu göstərici kəskin şəkildə azalaraq cəmi 7.4%-ə düşüb. Bu azalma bankomatların əsasən nağdlaşdırma aləti kimi rolunun zəiflədiyini və istifadəçilərin alternativ ödəniş üsullarına keçdiyini göstərir.

Eyni dövrdə POS-terminallar vasitəsilə aparılan ödənişlərin payı artıb. Belə ki, 2020-ci ildə kart əməliyyatlarının 23.9%-i POS-terminallar üzərindən icra olunurdusa, 2025-ci ildə bu göstərici 31.4%-ə yüksəlib. Bu artım pərakəndə ticarətdə və xidmət sektorunda nağdsız ödənişlərin daha geniş tətbiq olunduğunu göstərir.

Ən diqqətçəkən dəyişiklik isə elektron ticarət sahəsində qeydə alınıb. 2020-ci ildə kart əməliyyatlarının 34.4%-i onlayn ödənişlərin payına düşürdüsə, 2025-ci ildə bu göstərici 61.2%-ə çatıb. Həcm üzrə isə artım daha kəskin olub - 14.7%-dən 58.9%-ə yüksəlib. Bu dinamika ölkədə e-ticarətin sürətlə inkişaf etdiyini və istifadəçilərin onlayn alış-verişə daha çox yönəldiyini göstərir.

Ümumilikdə, təqdim olunan göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatında ödəniş vərdişləri sürətlə rəqəmsallaşır. Bankomatlardan istifadə azalır, POS-terminalların rolu artır, lakin əsas artım onlayn ödəniş kanallarında müşahidə olunur. Bu isə gələcəkdə rəqəmsal iqtisadiyyatın daha da güclənəcəyindən xəbər verir.

MONETAR.AZ