POS-terminalların yarıdan çoxu Bakıda: regionlar geri qalır

POS-terminalların yarıdan çoxu Bakıda:

2025-ci ilin sonuna olan məlumatlara əsasən,  respublika üzrə 184 220 POS-terminal quraşdırılıb ki, onların böyük əksəriyyəti pərakəndə ticarət, ictimai iaşə və xidmət obyektlərində istifadə olunur.

Ən yüksək göstərici ənənəvi olaraq Bakıda qeydə alınıb. Paytaxtda 114 689 POS-terminal mövcuddur və onların 113 339-u ticarət və xidmət obyektlərində quraşdırılıb. Bu terminalların 110 430-u isə təmassız ödənişləri qəbul etmək imkanına malikdir. Bu göstərici Bakının ölkədə nağdsız ödənişlərin əsas mərkəzi olduğunu təsdiqləyir.

Regionlar üzrə də POS-terminal şəbəkəsi genişlənməkdədir. Abşeron-Xızı iqtisadi rayonunda 11 635, Gəncə-Daşkəsəndə 7 857, Lənkəran-Astarada 6 718, Mərkəzi Aranda 6 395 və Şəki-Zaqatalada 6 247 POS-terminal fəaliyyət göstərir. Digər iqtisadi rayonlarda da oxşar dinamika müşahidə olunur: Qarabağda 5 470, Qazax-Tovuzda 5 355, Quba-Xaçmazda 5 314 terminal quraşdırılıb.

Nisbətən daha az göstəricilər Mil-Muğan (3 647), Şirvan-Salyan (3 670), Dağlıq Şirvan (2 579) və Naxçıvan (4 369) iqtisadi rayonlarında qeydə alınıb. Ən aşağı göstərici isə Şərqi Zəngəzur iqtisadi rayonunda müşahidə olunur – burada cəmi 275 POS-terminal fəaliyyət göstərir.

Ümumilikdə ölkə üzrə POS-terminalların 181 262-si ticarət və xidmət obyektlərində quraşdırılıb. Onların 177 138-i isə təmassız ödəniş funksiyasına malikdir ki, bu da rəqəmsal və sürətli ödəniş texnologiyalarının geniş yayıldığını göstərir.

Məlumatlar göstərir ki, nağdsız ödəniş infrastrukturunun inkişafı həm paytaxtda, həm də regionlarda davam edir. Xüsusilə təmassız ödəniş imkanlarının genişlənməsi istifadəçilər üçün daha rahat və operativ maliyyə əməliyyatları aparmağa şərait yaradır.

MONETAR.AZ