Azərbaycanda ən çox bankomat hansı bölgədədir?

Azərbaycanda ən çox bankomat

2025-ci ilin sonuna olan məlumatlara əsasən, ölkədə bankomat infrastrukturunun iqtisadi rayonlar üzrə paylanması və onların funksional imkanları açıqlanıb. Ümumilikdə respublika üzrə 3 572 bankomat fəaliyyət göstərir. Bu barədə Mərkəzi Bankın "Rəqəmsal ödənişlər icmalı - 2025" buraxılışında deyilir.

Bankomatların böyük hissəsi paytaxt Bakıda cəmləşib. Burada 1 930 bankomat mövcuddur və onların əhəmiyyətli hissəsi müasir funksiyalarla təchiz olunub. Belə ki, 885 bankomat nağd pul qəbul etmə (cash-in), 290-ı valyuta mübadiləsi, 716-sı qəbul edilən vəsaiti yenidən dövriyyəyə buraxma (recycle), 958-i isə təmassız ödənişləri qəbul etmə imkanına malikdir. Bu göstəricilər Bakının ölkənin əsas maliyyə mərkəzi olduğunu bir daha təsdiqləyir.

Regionlar üzrə baxdıqda, Abşeron-Xızı iqtisadi rayonunda 246, Gəncə-Daşkəsəndə 184, Mərkəzi Aranda 154, Şəki-Zaqatalada isə 153 bankomat fəaliyyət göstərir. Digər iqtisadi rayonlarda da bankomat şəbəkəsi formalaşıb: Qazax-Tovuzda 140, Qarabağda 131, Quba-Xaçmazda 130, Lənkəran-Astarada 121, Şirvan-Salyanda 116 bankomat mövcuddur. Naxçıvanda 98, Mil-Muğanda 90, Dağlıq Şirvanda 62 bankomat fəaliyyət göstərdiyi halda, ən aşağı göstərici Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb və burada cəmi 17 bankomat mövcuddur.

Funksional imkanlara gəldikdə isə ölkə üzrə 1 189 bankomat nağd pulun qəbulu, 353 bankomat valyuta mübadiləsi, 956 bankomat recycle funksiyası, 1 332 bankomat isə təmassız ödənişlərin qəbulu imkanını təmin edir. Bu isə göstərir ki, bank sektorunda texnoloji yeniliklərin tətbiqi sürətlənir və istifadəçilər üçün daha rahat xidmət imkanları yaradılır.

Ümumilikdə, məlumatlar onu göstərir ki, bankomat infrastrukturu əsasən iri şəhərlərdə cəmləşsə də, regionlarda da bu sahədə inkişaf davam edir və müasir funksiyalı bankomatların sayı tədricən artır.

MONETAR.AZ