ABŞ prezidenti Donald Tramp bugün inflyasiya ilə bağlı yeni məlumatların açıqlanmasından sonra faiz dərəcələrinin “əhəmiyyətli dərəcədə” azaldılmasına çağırıb. Məlumatlara görə, dekabr ayında istehlak qiymətləri sabit qalıb.
Tramp özünün Truth Social platformasında paylaşım edərək son İQİ (İstehlak Qiymətləri İndeksi) göstəricilərini “əla (aşağı!)” adlandırıb və ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauelli faizləri endirməyə səsləyib. O, Pauelli yenidən “Cerom ‘Gecikən’ Pauell” adlandıraraq, indi addım atmasa, FES rəhbərinin “həddən artıq gec” qalacağını bildirib.
ABŞ Əmək Nazirliyinin məlumatına görə, ölkədə illik inflyasiya dekabr ayında 2,7% səviyyəsində qalıb. Bu göstərici noyabr ayı və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşüb. Aylıq ifadədə isə istehlak qiymətləri 0,3% artıb ki, bu da əvvəlki ayın göstəricisi ilə eynidir.
Ərzaq və enerji kimi dəyişkən qiymətləri istisna edən baza inflyasiya dekabr ayında illik ifadədə 2,6%, aylıq ifadədə isə 0,2% təşkil edib. Bu göstəricilər də noyabr ayı ilə müqayisədə dəyişməyib və iqtisadçıların proqnozlarından bir qədər aşağı olub.
Tramp sosial şəbəkə paylaşımında “əla iqtisadi artım göstəriciləri”ni də vurğulayıb, müsbət iqtisadi dinamikanı öz tarif siyasəti ilə əlaqələndirib və özünü “CƏNAB TARİF!” adlandırıb.
MONETAR.AZ