Azad edilmiş ərazilərdə su infrastrukturu yenidən qurulur

Azad edilmiş ərazilərdə su infrastrukturu

İşğaldan azad edilmiş ərazilərdə son illər ərzində genişmiqyaslı tikinti-quraşdırma, bərpa və yenidənqurma işləri aparılıb, çoxsaylı mühüm infrastruktur layihələri icra olunub.

Bunu fikirlər Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üzrə Dövlət Proqramına həsr olunmuş müşavirədə Baş nazirin müavini Şahin Mustafayev səsləndirib.

Bildirilib ki, Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyü və suverenliyi bərpa olunmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə mövcud su ehtiyatları üzərində də nəzarət tam təmin edilib. Bu ehtiyatlar ölkə ərazisində formalaşan ümumi su ehtiyatlarının təxminən 20 faizini təşkil edir. Həmin ərazilərdə su təsərrüfatı obyektlərinin tikintisi, bərpası və yenidən qurulması, içməli və suvarma suyu təchizatı ilə bağlı tədbirlərin əlaqələndirilməsi Komissiya tərəfindən Əlaqələndirmə Qərargahı ilə birgə həyata keçirilir.

Məlumat verilib ki, Laçın rayonunda Qubadlı və Zəngilan rayonları üzrə 12 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə həcmi 26,7 milyon kubmetr olan “Zabuxçay” su anbarı inşa edilərək istismara verilib. Ağdərə rayonunda isə həcmi 5,9 milyon kubmetr olan “Suqovuşan” su anbarı təmir-bərpa olunub.

Dörd rayon üzrə 29,7 min hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılmasına xidmət edən 20 kilometr uzunluğunda “Tərtərçay” sol sahil suvarma kanalı, həmçinin onu “Suqovuşan” su anbarından su ilə təmin edən 5,2 kilometr uzunluğunda magistral kanal yenidən qurularaq istifadəyə verilib. Beş rayon üzrə 67 min hektar torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq 50 kilometr uzunluğunda “Tərtərçay” sağ sahil suvarma kanalının yenidən qurulması üzrə layihə-smeta sənədləri tamamlanıb və tikinti işlərinə başlanılması nəzərdə tutulur.

Qeyd edilib ki, Ağdam rayonunda həcmi 23 milyon kubmetr və 7 min hektar əkin sahəsinə xidmət edən “Xaçınçay” su anbarı, Füzuli rayonunda isə ümumi həcmi 15,5 milyon kubmetr və 6,2 min hektar əkin sahəsinə xidmət edən “Köndələnçay” su anbarları təmir-bərpa edilib.

Laçın rayonunda həcmi 91 milyon kubmetr olacaq “Həkəriçay” və Qubadlı rayonunda həcmi 67 milyon kubmetr təşkil edəcək “Bərgüşadçay” su anbarlarının tikintisi ilə bağlı layihə-smeta sənədlərinin yekunlaşmaq üzrə olduğu bildirilib. “Həkəriçay” su anbarının ilkin mərhələdə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının içməli su ilə təminatına xidmət etməsi planlaşdırılır. “Bərgüşadçay” su anbarı isə Qubadlı, Zəngilan və Cəbrayıl rayonları üzrə 8,8 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin olunması ilə yanaşı, “Qız Qalası” su anbarına layihələndirilən magistral kanala saniyədə 12 kubmetr suyun ötürülməsini təmin edəcək.

Bildirilib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mövcud razılaşmalara uyğun olaraq Araz çayı üzərində yerləşən “Xudafərin” və “Qız Qalası” su anbarlarının su və enerji ehtiyatlarından səmərəli istifadə istiqamətində tədbirlər davam etdirilir. “Qız Qalası” su anbarından ayrılan magistral suvarma kanalının tikintisi layihəsinin beynəlxalq maliyyə qurumu ilə birgə maliyyələşdirilməsi məqsədilə 2024-cü ildə kredit və layihə sazişləri imzalanıb və layihənin icrasına başlanılıb.

Vurğulanıb ki, bu layihə Mil-Muğan zonasında 252 min hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılmasına, eləcə də Cəbrayıl və Füzuli rayonları ərazisində 12 min hektar yeni torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə xidmət edəcək.

MONETAR.AZ