2026–2029-cu illərdə Kür–Bakı magistral su kəmərinin əsaslı təmiri və bərpası planlaşdırılır.
Bu Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Sənədə əsasən, Kür–Bakı magistral su kəməri xətti üzrə su təchizatının dayanıqlığının artırılması məqsədilə ilkin mərhələdə layihə-smeta sənədlərinin hazırlanması, növbəti mərhələdə isə tikinti layihələrinə dair ekspertiza rəyinin alınması nəzərdə tutulur.
Dövlət Proqramında, həmçinin 2026–2031-ci illərdə Oğuz–Qəbələ–Bakı magistral kəmərinin əsaslı təmiri və bərpası da yer alıb. Bu çərçivədə qəzalı hissələrin polad borularla əvəzlənməsi, eləcə də magistral kəmərin suburaxma qabiliyyətinin bərpası planlaşdırılır. Görüləcək işlər nəticəsində magistral kəmərin 60 kilometrədək qəzalı hissəsinin polad borularla əvəz olunacağı bildirilib.
Qeyd olunub ki, layihələr üzrə işlərin əsas icraçısı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir.
Xatırladaq ki, Dövlət Proqramı Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Proqram 2026–2035-ci illəri əhatə etməklə iki mərhələdə icra olunacaq.
2026–2030-cu illəri əhatə edən birinci mərhələdə su və kanalizasiya infrastrukturunun yenidən qurulması, mövcud sistemlərin əsaslı təmiri və yenilənməsi, yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üzrə müasir texnologiyaların tətbiqi, “ağıllı su şəbəkələri”nin qurulması və ekoloji təhlükəsizliyin təmin edilməsi nəzərdə tutulur. Bu mərhələdə mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan ərazilərdə yeni infrastruktur yaradılacaq, su şəbəkələrində itkilərin aşkarlanması və azaldılması istiqamətində tədbirlər görüləcək.
2031–2035-ci illəri əhatə edən ikinci mərhələdə isə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi əsas prioritetlər kimi müəyyən edilib. Bu dövrdə mövcud su təchizatı və kanalizasiya şəbəkələrinin daha da genişləndirilməsi, yağış sularının təkrar istifadəsi üzrə yeni layihələrin həyata keçirilməsi və ətraf mühitin qorunmasına yönəlmiş tədbirlərin görülməsi planlaşdırılır.
MONETAR.AZ