2027–2029-cu illərdə Sumqayıt şəhərində yeni tullantı sutəmizləyici qurğunun tikintisi planlaşdırılır.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Sənədə əsasən, Dövlət Proqramı çərçivəsində ilkin mərhələdə layihə-smeta sənədlərinin hazırlanması, tikinti layihələrinə dair ekspertiza rəyinin alınması nəzərdə tutulur. Növbəti mərhələdə tikinti işlərinə başlanılması, plan üzrə işlərin 40 faizinin icrası, yekun mərhələdə isə sutkalıq məhsuldarlığı 100 min kubmetr olan yeni tullantı sutəmizləyici qurğunun tikintisinin tamamlanması planlaşdırılır. Layihənin əsas icraçısı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir.
Xatırladaq ki, Dövlət Proqramı Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Proqram 2026–2035-ci illəri əhatə etməklə iki mərhələdə həyata keçiriləcək.
2026–2030-cu illəri əhatə edən birinci mərhələdə su və kanalizasiya infrastrukturunun yenidən qurulması nəzərdə tutulur. Bu mərhələdə mövcud infrastrukturun əsaslı təmiri və yenilənməsi, yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üzrə müasir texnologiyaların tətbiqi, “ağıllı su şəbəkələri”nin qurulması və ekoloji təhlükəsizliyin təmin edilməsi planlaşdırılır. Eyni zamanda mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan ərazilərdə yeni infrastruktur yaradılacaq, su şəbəkələrində itkilərin aşkarlanması və azaldılması istiqamətində tədbirlər görüləcək.
2031–2035-ci illəri əhatə edən ikinci mərhələdə isə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən edilib. Bu mərhələdə mövcud su təchizatı və kanalizasiya şəbəkələrinin daha da genişləndirilməsi, yağış sularının təkrar istifadəsi üçün yeni layihələrin icrası və ətraf mühitin qorunması istiqamətində əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.
MONETAR.AZ