Qəbələ rayonunda 17,5 milyon kubmetr həcmində “Yengicə” su anbarının, Oğuz və Şəki rayonlarında isə 108 milyon kubmetr həcmində “Əlicançay” su anbarının tikintisi həyata keçirilir və hər iki layihənin 2027-ci ildə tamamlanması nəzərdə tutulur.
Bu barədə Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə məlumat verib.
Baş nazirin müavini bildirib ki, “Yengicə” su anbarı Qəbələ rayonu üzrə 10 min hektar əkin sahəsinə xidmət edəcək. “Əlicançay” su anbarı isə Şəki və Qax rayonları üzrə 30 min hektara yaxın əkin sahəsinin suvarma suyu ilə təmin olunmasına imkan yaradacaq, eyni zamanda Şəki və Oğuz rayonları üzrə 28 yaşayış məntəqəsində 49 min nəfərə yaxın əhalinin içməli suya olan tələbatını ödəyəcək.
Ş.Mustafayev qeyd edib ki, müvafiq sərəncama uyğun olaraq “Şirvan” kanalının yenidən qurulması işləri davam etdirilir və layihənin 2027-ci ildə başa çatdırılması planlaşdırılır. Yenidənqurmadan sonra kanal 10 rayon üzrə 228 min hektar əkin sahəsini suvarma suyu, eləcə də yaşayış məntəqələrini məişət suyu ilə təmin edəcək. Bununla yanaşı, 9 rayonun 115 min hektaradək əkin sahəsinin suvarma suyu və yaşayış məntəqələrinin məişət suyu ilə təmin olunmasına xidmət edən “Qarabağ” kanalının yenidən qurulması üzrə layihə-smeta sənədlərinin hazırlandığı bildirilib.
Baş nazirin müavini vurğulayıb ki, indiyədək 7 suvarma kanalı yenidən qurulub, 3 suvarma kanalında isə yenidənqurma işləri davam etdirilir. Bu kanallar ümumilikdə 132,3 min hektar əkin sahəsinə xidmət edir.
Ş.Mustafayev, həmçinin son illərdə azsululuq dövründə Kür çayının 60 kilometrlik mənsəb hissəsində Xəzər dənizinin təsiri nəticəsində suda duzluluq konsentrasiyasının artmasının Kür çayının aşağı axarında yerləşən Neftçala və Salyan rayonlarında əhalinin suya olan tələbatının ödənilməsində ciddi çətinliklər yaratdığını diqqətə çatdırıb.
MONETAR.AZ