Ipsos şirkətinin 30 ölkədə 23 600-dən çox respondent arasında apardığı sorğunun nəticələri 2026-cı illə bağlı ictimai gözləntiləri ortaya qoyub. Sorğu süni intellekt, iqlim dəyişikliyi, iqtisadiyyat və beynəlxalq siyasət kimi mövzuları əhatə edib.
Nəticələrə görə, respondentlərin 78 faizi 2026-cı ildə qlobal temperaturun artmaqda davam edəcəyini düşünür. Bu fikir ən çox İndoneziya, Sinqapur, Cənubi Koreya və Malayziyada yayılıb. Sorğuda iştirak edənlərin 69 faizi yaşadıqları ölkədə ekstremal hava hadisələrinin artacağını gözləyir. Bununla yanaşı, yalnız 48 faiz hökumətlərin istixana qazı emissiyalarının azaldılması üçün daha sərt hədəflər müəyyən edəcəyinə inanır.
Ukraynadakı müharibənin 2026-cı ildə başa çatacağına inananların sayı aşağı olaraq qalır. Respondentlərin cəmi 29 faizi münaqişənin sona çatacağını düşünür. Bu göstərici ötən illə müqayisədə cüzi artım nümayiş etdirib.
Süni intellektlə bağlı gözləntilər də diqqət çəkir. Respondentlərin 67 faizi 2026-cı ildə süni intellektin bəzi iş yerlərini əvəz edəcəyini hesab edir. Eyni zamanda, 43 faiz süni intellektin yeni iş yerlərinin yaranmasına da səbəb olacağını düşünür.
İqtisadi narahatlıqlar fonunda sorğuda iştirak edənlərin təxminən yarısı ölkəsində resessiya yaşanacağını proqnozlaşdırır. Türkiyə, Tailand və Rumıniyada bu fikri bölüşənlərin sayı daha yüksəkdir. Bundan başqa, respondentlərin 38 faizi qlobal fond bazarlarında ciddi eniş ehtimalını istisna etmir.
Sorğuda ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatı alacağı ilə bağlı da sual yer alıb. Respondentlərin yalnız 21 faizi bunun mümkün olduğunu bildirib, 64 faizi isə bu ehtimalı real hesab etmir. Bu fikri dəstəkləyənlərin ən yüksək payı Hindistanda qeydə alınıb.
Sorğu nəticələri 2026-cı illə bağlı qlobal miqyasda həm iqlim, həm iqtisadiyyat, həm də texnoloji dəyişikliklərlə əlaqədar narahatlıqların üstünlük təşkil etdiyini göstərir.
Monetar.az