Hesablama Palatasının hesabatına əsasən, “Bakı Metropoliteni” QSC-də dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunması ilə bağlı 2024-cü ildə aparılmış uyğunluq auditi zamanı III yeni “Bənövşəyi” xətt üzrə aşkar edilmiş bir sıra maliyyə və smeta pozuntuları indiyədək aradan qaldırılmayıb.
Audit materiallarına görə, “Bənövşəyi” xəttə daxil olan “Xocəsən” elektrik deposunun tikintisi üzrə layihə sənədlərində nəzərdə tutulmayan işlərin smetaya daxil edilməsi nəticəsində yaranmış 272 min 658,31 manat məbləğində fərqin icra prosesində azaldılması 2024-cü ildən bu günədək təmin edilməyib.
Bununla yanaşı, həmin obyekt üzrə 559 min 700 manat dəyərində yerinə yetirilmiş işlərə dair smeta sənədlərinin, o cümlədən iş həcmlərində dəyişikliklərin müvafiq qaydada ekspertizadan keçirilməsi də indiyədək icra olunmayıb.
Hesabatda qeyd olunur ki, audit zamanı III yeni “Bənövşəyi” xəttə aid “B04” stansiyasının çıxışları üzrə normativ düzəliş əmsallarının düzgün tətbiq edilməməsi, daşınma məsafəsinin faktiki göstəricilərdən artıq göstərilməsi və betonun vahid qiymətinin səhv hesablanması nəticəsində ümumilikdə 255 min 238,2 manat məbləğində işlərin dəyərinin artırıldığı müəyyən edilib. Bu məbləğin azaldılması da 2024-cü ildən bəri təmin edilməyib.
Bundan əlavə, “B03–B04” mənzil tunelləri və “B04” stansiyası üzrə normativlərin düzgün tətbiq edilməməsi nəticəsində 1 milyon 286 min 277,3 manat, “B03–B04” stansiyalararası tunellərdə təxliyə keçidləri və “B04” stansiyasının memarlıq hissəsi üzrə 276 min 16,1 manat, eləcə də “Xocəsən” elektrik deposunda yolun üst quruluşu və təmas relsinin quraşdırılması üzrə 64 min 661,5 manat məbləğində artırılmış işlərin dəyərinin azaldılmasının icra olunmadığı bildirilib.
Hesabatda auditlə əhatə olunan obyektlər üzrə tikinti-quraşdırma və abadlaşdırma işlərinin layihə-smeta sənədlərindən artıq icra edilməsi ilə bağlı digər obyektlərin də daxili nəzarət qaydasında araşdırılması, smeta sənədlərinə düzəlişlərin edilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət olunması tövsiyə edilsə də, bu istiqamətdə də irəliləyiş qeydə alınmayıb.
Qeyd olunan hallar üzrə audit qərarlarının icrası hazırda izlənilmə mərhələsində qalır.
MONETAR.AZ