Britaniyada mənzil qiymətləri son 10 ildə daha sürətlə ucuzlaşıb

Britaniyada mənzil qiymətləri son 10 ildə

Böyük Britaniyada mənzil bazarında qiymət azalması sürətlənib. Rightmove şirkətinin məlumatına görə, noyabrın 7-də başa çatan dörd həftə ərzində satışa çıxarılan mənzillərin tələb olunan qiyməti 1,8% aşağı düşüb. Bu göstərici son 10 ildə ilin eyni dövrü üçün qeydə alınan orta 1,1%-lik azalmadan xeyli yüksəkdir. Qiymətlər illik müqayisədə də 0,2% geriləyib.

Mənzil bazarında fəallığın azalmasının əsas səbəblərindən biri yüksək ipoteka faizləridir. İranda müharibənin başlamasından sonra borclanma xərclərinin artması potensial alıcıların tələbatına mənfi təsir göstərib. İkiillik sabit faizli ipoteka kreditləri üzrə orta dərəcə son bir ayda 5,55%-dən 5,51%-ə ensə də, müharibədən əvvəlki 4,25%-lik səviyyədən xeyli yüksəkdir.

Rightmove-un daşınmaz əmlak üzrə eksperti Kollin Bebkok bildirib ki, yüksək ipoteka faizləri artıq aylardır bazarın əsas xüsusiyyətlərindən birinə çevrilib. Onun sözlərinə görə, satıcılar alıcıların məhdudlaşan büdcələrini nəzərə alaraq qiymət gözləntilərini yenidən nəzərdən keçirməyə məcbur qalırlar.

Bazar göstəriciləri də tələbatın zəiflədiyini təsdiqləyir. Belə ki, potensial alıcıların aktivliyi ötən illə müqayisədə 8%, razılaşdırılmış satış sövdələşmələrinin sayı isə 7% azalıb. Eyni zamanda, satışa çıxarılan mənzillərin ümumi sayı son 12 ilin ən yüksək səviyyəsinə çatıb. Yeni elanların sayı da illik müqayisədə 3% artıb.

Rightmove 2026-cı ilin sonunda tələb olunan mənzil qiymətlərinin 2025-ci ilin göstəricisindən aşağı olacağını gözləyir. Halbuki oktyabr ayında qiymətlər 1% artım nümayiş etdirmişdi.

İngiltərə Bankı noyabrda üç ildən artıq müddətdə ilk dəfə uçot faiz dərəcəsini artırıb. Bazar iştirakçıları 2027-ci ilin sonunadək əlavə 0,9 faiz bəndi həcmində monetar sərtləşmə gözləyirlər.

Bununla yanaşı, ipoteka kreditoru Lloyds-un məlumatına əsasən, oktyabr ayında Böyük Britaniyada mənzil qiymətləri illik müqayisədə 1,2% azalıb. Bu, son üç ilin ən kəskin illik geriləməsi kimi qiymətləndirilir.

Rightmove-un araşdırması daşınmaz əmlak obyektlərinin satış elanlarının yerləşdirildiyi 11 oktyabr – 7 noyabr 2025-ci il tarixlərini əhatə edib.

MONETAR.AZ