Misin qiyməti son 5 ayın minimumuna düşüb: həftəlik itki 5,6 faizi ötüb

Misin qiyməti son 5 ayın minimumuna düşüb:

Dünya bazarlarında misin qiymətində kəskin ucuzlaşma qeydə alınıb. London Metal Birjasında (LME) mis fyuçersləri 2,55% geriləyərək bir ton üçün 12 901,78 dollara düşüb. Comex birjasında isə metalın qiyməti 2,91% azalaraq 5,8213 dollar təşkil edib.

Həftəlik göstəricilərə əsasən, LME-də mis 5,64%, son bir ayda isə 9,16% ucuzlaşıb. Bununla belə, ilin əvvəlindən hesablandıqda metalın qiymətində 4,54% artım qalır.

“Bloomberg”in məlumatına görə, dolların möhkəmlənməsi, süni intellekt sektorunda yaranan qeyri-müəyyənlik və Çin iqtisadiyyatına dair pessimist gözləntilər misin qiymətini son beş aya yaxın müddətin ən aşağı səviyyəsinə endirib.

Mis son iki ildə ən uzunmüddətli həftəlik ucuzlaşma seriyasına yaxınlaşır. Çindən açıqlanan zəif iqtisadi göstəricilər isə sənaye metallarına tələbatın gələcək dinamikası ilə bağlı proqnozları daha da pisləşdirib.

MONETAR.AZ