Dövlət qurumlarının nəqliyyat vasitələri hərraca çıxarılır

Dövlət qurumlarının nəqliyyat vasitələri

Bu gün saat 10:00-da dövlət qurumlarının balansında olan bir sıra nəqliyyat vasitələri hərraca çıxarılacaq. Hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunur.

Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif dövlət qurumlarına məxsusdur. Siyahıya avtobuslar, minik avtomobilləri, yük nəqliyyatı, xüsusi təyinatlı avtomobillər, eləcə də gəmi daxildir. Start qiymətləri 2 200 manatdan başlayaraq 230 000 manata qədər dəyişir.

Təqdim olunan nəqliyyat vasitələri arasında Müdafiə Nazirliyinə məxsus 1998-ci il buraxılışlı “IVEKO M23” avtobusu 4 500 manat start qiyməti ilə, həmçinin 2003-cü il istehsalı “Mercedes-Benz S350” minik avtomobili 2 500 manat start qiyməti ilə satışa çıxarılıb. Bundan əlavə, müxtəlif dövlət qurumlarına aid “BMW”, “Nissan”, “Chevrolet”, “Audi”, “Hyundai”, “Fiat” və digər markalı avtomobillər də hərrac siyahısına daxil edilib.

Ən yüksək start qiyməti isə Dövlət Sərhəd Xidmətinə məxsus “Point Brower D” markalı gəmi üçün müəyyən olunub və 230 000 manat təşkil edir.

Qeyd edək ki, bəzi nəqliyyat vasitələri təkrar hərraca çıxarıldığı üçün onların start qiymətlərinə müvafiq endirimlər tətbiq olunub. Belə ki, ilk sıralarda yer alan nəqliyyat vasitələri 50 faiz, digər qrupda olanlar isə 10 faiz endirimlə təklif edilir.

MONETAR.AZ