İran neftinin Çinə alınmasına yardım edən banklar sanksiyalarla hədələnib

İran neftinin Çinə alınmasına yardım edən banklar

ABŞ sərt ultimatum irəli sürüb: İran neftinin alınmasında Çin özəl neft emalı zavodlarına (NEZ) yardım edən istənilən bank ikinci dərəcəli sanksiyalarla üzləşə bilər. Bu barədə Bloomberg məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyinin rəsmi bəyanatında bildirilir: “Maliyyə institutlarına xəbərdarlıq edilməlidir ki, nazirlik bütün mövcud alət və səlahiyyətlərdən istifadə edəcək və İranın fəaliyyətini dəstəkləməyə davam edən xarici maliyyə qurumlarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırdır”.

Tənzimləyici qurum banklara risk yönümlü sərt nəzarət mexanizmləri tətbiq etməyi, NEZ-lərlə əməliyyatlar zamanı gücləndirilmiş yoxlamalar aparmağı və müxbir bankları sanksiya rejiminin pozulmasının yolverilməzliyi barədə xəbərdar etməyi tapşırıb. Paralel olaraq, ABŞ Maliyyə Nazirliyi İranın “kölgə bank şəbəkələri” ilə əlaqəli 35 hüquqi və fiziki şəxsə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Rəsmi Pekin ABŞ-ın birtərəfli sanksiyalarını tanımır. Bununla belə, praktikada Çinin ən iri dövlət bankları adətən sanksiyalara məruz qalan neftlə bağlı əməliyyatlardan uzaq dururlar. Təcrübə göstərir ki, onlar ABŞ-ın İran, Şimali Koreya və hətta Honq Konqdakı yüksək vəzifəli şəxslərə qarşı tətbiq etdiyi sanksiyalara əməl etməyə üstünlük verirlər ki, dollarla klirinq sisteminə çıxışı itirməsinlər.

Buna baxmayaraq, Çin sanksiyalara məruz qalan neftin dünyada ən böyük istehlakçısı olaraq qalır. Əsas alıcılar müstəqil Çin NEZ-ləridir. Onlar üçün İran xammalına tətbiq edilən böyük endirimlər aşağı emal rentabelliyini kompensasiya etməyin əsas yolu olub.

Bu tədarük sxemi yaxşı məlumdur: yüklər “kölgə donanması”na aid tanker gəmiləri ilə daşınır, onların transponderləri söndürülür və neft tez-tez açıq dənizdə gəmidən-gəmiyə ötürülür. Bu, xammalın mənşəyini gizlətmək (məsələn, İran neftinin Malayziya nefti kimi göstərilməsi) və İran gəmilərinin yeni partiya üçün Fars körfəzinə daha tez qayıtmasını təmin etmək məqsədi daşıyır.

Çinin özəl NEZ-lərinə qarşı təzyiqlər ciddi siyasi gərginlik yarada bilər. Bu addımlar ABŞ prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının sədri Si Cinpinin may ayında gözlənilən sammitindən cəmi bir neçə həftə əvvəl atılır.

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyan artıq vəziyyətə reaksiya verərək ABŞ-ı “özbaşına sanksiyalar tətbiq etməyi və ekstraterritorial yurisdiksiyadan istifadəni dayandırmağa” çağırıb və əlavə edib ki, Pekin Çin şirkətlərinin qanuni hüquqlarını qətiyyətlə müdafiə edəcək.

MONETAR.AZ